İranın "Tasnim" və "Mehr" xəbər agentlikləri Qərb mediasının etirazçıların İslam Respublikasının qərb hissəsindəki Məlikşahi rayonunu və Abdanan şəhərini ələ keçirməsi barədə məlumatlarını təkzib ediblər.

"Unikal" xəbər verir ki, bu barədə xəbər agentliklərinin veb saytlarında məlumat verilib .

"Malekşahidə bir neçə saat gərginlikdən sonra ərazidə təhlükəsizlik qüvvələrinin olması sayəsində vəziyyət tamamilə normallaşıb", - deyə "Tasnim" yazıb. 

***09:49

İqtisadi və siyasi narazılıqlar fonunda kütləvi nümayişləri davam etdirən İran etirazçıları İlam əyalətindəki Abdanan və Malekşahi şəhərlərini faktiki olaraq ələ keçiriblər.

"Unikal" xəbər verir ki, bu barədə İran Milli Müqavimət Şurasının nümayəndələri məlumat yayıb. 

"Bu gün İranın qərbindəki iki şəhərdə əhəmiyyətli bir hadisə baş verib və bu şəhərlər faktiki olaraq etirazçıların nəzarəti altına keçib", - məlumatda qeyd olunub. 

Xatırladaq ki, dekabrın sonlarında İranda yerli valyutanın devalvasiyası fonunda etirazlar baş verib. Onlara göz yaşartıcı qaz və hava silahlarından istifadə də daxil olmaqla, gücləndirilmiş təhlükəsizlik tədbirləri müşayiət olunub.. Etirazlar ölkənin 25 əyalətində 60-dan çox şəhərə yayılıb. Ən böyük etirazlar Tehranda, ən şiddətli toqquşmalar isə qərbdə və cənub-qərbdə (Məlikşahi, Kirmanşah və Lordeqan şəhərləri) qeydə alınıb.

Gülayə Mecid