Rusiya Xarici İşlər Nazirliyi ABŞ hərbçiləri tərəfindən Venesuela nefti daşıyan və Rusiya bayrağı altında üzən “Mariner” tankerinin saxlanılması ilə bağlı vəziyyəti diqqətlə izlədiyini bildirib.
"Unikal" xəbər verir ki, hadisə zamanı göyərtədə Rusiya vətəndaşlarının olduğu barədə məlumatlar nəzərə alınaraq, onların geri qayıtmasına maneə yaradılmaması tələb olunub.
Qeyd edək ki, bu gün ABŞ-ın Avropa Komandanlığı (EUCOM) M/V Bella 1 (“Mariner”) adlı gəminin saxlanıldığını açıqlayıb. Rusiya bayrağı altında üzən tanker Şimali Atlantik okeanında, İslandiya sahillərindən təxminən 200–300 kilometr cənubda ələ keçirilib. Məlumata görə, gəmi ABŞ Sahil Mühafizəsinə məxsus USCGC Munro katerinin müşayiəti ilə saxlanılıb və Murmansk istiqamətində hərəkət edirdi.
ABŞ tərəfi “Mariner” tankerini Venesueladan neft daşınması ilə bağlı tətbiq edilən sanksiyaları pozmaqda ittiham edib.
