Bakı Dövlət Universitetində (BDU) Bitki biotexnologiyası və immunologiyası elmi-tədqiqat laboratoriyası yaradılır.
"Unikal" xəbər verir ki, bununla bağlı BDU Elmi Şurası qərar qəbul edib.
Qeyd olunub ki, hazırda iqlim dəyişiklikləri həm ətraf mühit, həm də aqrar sektor üçün ciddi problemlər yaradır. Problemlərin həlli istiqamətində elmi tədqiqatların aparılması, ölkədə bu sahə üzrə ixtisaslı kadr potensialının gücləndirilməsi aktual olaraq qalmaqdadır. Ona görə də iqlim dəyişiklikləri, torpaqların şoranlaşması və quraqlıq, bitki xəstəlikləri və patogenlər, habelə məhsuldarlığın azalması istiqamətlərində problemlərin həlli üzrə innovativ texnologiyalara əsaslanan, bitkilərin abiotik və biotik stres amillərinə qarşı adaptasiya mexanizmlərinin öyrənilməsi məqsədilə elmi tədqiqatların aparılması üçün BDU-da Bitki biotexnologiyası və immunologiyası elmi-tədqiqat laboratoriyasının yaradılması qərara alınıb.
Laboratoriyada bitkilərin stres biologiyası sahəsində elmi tədqiqatların aparılması ilə yanaşı, müasir biotexnoloji yanaşmaların tətbiqi, kənd təsərrüfatı üçün innovativ elmi həllərin hazırlanması, gənc tədqiqatçıların elmi fəaliyyətə cəlb olunması da nəzərdə tutulur. Laboratoriyanın əsas missiyası elmi tədqiqatların nəticələrini aqrar və ekoloji sektorun problemlərinin həllinə yönəltmək, bu sahədə layihələr hazırlamaq və istehsalata tətbiq etməkdir.
