Lənkəranda “Şəhərsalma və memarlıq ili” çərçivəsində geniş bərpa-yenidənqurma işləri davam etdirilir. Dövlət başçısı cənab İlham Əliyevin tapşırğı əsasında aparılan yenidənqurma işlərinə “Əfqanıstan Veteranları Parkı”ndan start verilib və işlər artıq Heydər Əliyev prospekti, Paşa Təhməzov və Şirəli Axundov küçələri, Həzi Aslanov parkı, Xocalı parkı və Əsgər Əliyev adına “Dostluq Parkı”nı da əhatə edir.
"Unikal" xəbər verir ki, aparılan işlər çərçivəsində küçə və səkilər yenilənəcək, yollar təmir olunacaq, park və istirahət məkanları yenidən dizayn ediləcək, çoxmənzilli yaşayış binalarının fasad və dam örtükləri yenilənəcək.
Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov aprelin 27-də şəhərdə aparılan bərpa-yenidənqurma işləri ilə yerində tanış olub, tapşırıq və tövsiyələrini verib.
Qeyd edək ki, görülən işlər sakinlər tərəfindən yüksək qiymətləndirilir, Lənkərana göstərilən xüsusi diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə edirlər.
