Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) müxtəlif ali təhsil müəssisələri ilə daim sıx əməkdaşlıq edərək qida təhlükəsizliyi sahəsində gənc mütəxəssislərin formalaşdırılması və peşəkar kadrların hazırlanması istiqamətində öz fəaliyyətini davam etdirir.
"Unikal" xəbər verir ki, AQTİ ilə Azərbaycan Tibb Universiteti (ATU) arasında imzalanmış memorandum çərçivəsində ATU-nun İctimai səhiyyə fakültəsinin üçüncü və beşinci kurs tələbələri müəyyən olunmuş vaxtlarda AQTİ nəzdində fəaliyyət göstərən laboratoriyalarda “Qida məhsullarının sanitariya-gigiyena ekspertizası” mövzusunda praktik məşğələ dərsləri keçirlər.
Tələbələrə AQTİ-nin fəaliyyəti, ölkəmizdə qida təhlükəsizliyi istiqamətində görülən işlər haqqında geniş məlumat verilir, keçilən mövzulara uyğun olaraq laboratoriyada mütəxəssislər tərəfindən müxtəlif müayinələr nümayiş etdirilir, tələbələrin praktik məşğələlərdə şəxsən iştirakına şərait yaradılır ki, bu, əldə edilən nəzəri və təcrübi biliklərin daha da möhkəmlənməsinə imkan verir.
Təcrübə proqramında müasir beynəlxalq metod və cihazlarla tanış olan tələbələrə yaradılan şərait və dərslərin əyani, sual-cavab və müzakirə formatında keçirilməsi onların dərslərə olan marağını daha da artırır.
