"Qeyd olunur ki, bu qanun layihəsi kiçik və orta sahibkarlıq subyektlərinin maliyyəyə çıxışını asanlaşdırmaq çərçivəsində hazırlanıb. Amma bu asanlaşmanın özünü konkret olaraq nədə göstərdiyi izah edilmir. Hesab edirəm ki, bir çox hallarda biz yaxşı adlar altında bəzən biznes mühitini məhdudlaşdıran qanunlar qəbul edirik".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında yeni hazırlanan “Maliyyə icarəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.

Deputat qeyd edib ki, 2026-cı ildə üç lizinq təşkilatının ləğv olunduğu barədə məlumatlar var: "Biznes mühitinə kömək etməyin ən yaxşı yolu rəqabət mühiti yaratmaqdır. Əgər bu kommersiya təşkilatıdırsa, niyə Mərkəzi Bankın səlahiyyətləri bu qədər genişləndirilir? Lizinq təşkilatlarının qeydiyyatı yenidən həyata keçiriləcək. Hesab edirəm ki, bu sahənin ciddi nəzarətə götürülməsinə gətirib çıxaracaq. Biznes fəaliyyətində isə nə qədər çox tənzimləmə və hesabatlılıq olacaqsa, orada biznes inkişaf etməyəcək. Bunu həm Azərbaycan, həm də dünya təcrübəsi göstərir. Ona görə də burada qeyd olunur ki, Mərkəzi Bank icarəyə verənin kapitalının artırılmasını tələb edə bilər. Bir çox geniş səlahiyyətlər verilir. Bu baxımdan ciddi əsaslandırma olmadan bu qanunu qəbul etməyimiz bu sahədə biznes mühitini daha da pisləşdirəcək. Ona görə də mən bu qanun layihəsinin əleyhinə səs verəcəyəm”.