Tamah niyyəti ilə qabaqcadan əlbir olan oğurluqda və quldurluqda təqsirləndirilən Elmar Babayev, Samir Əliyev və Məhəmməd Şirinzadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
"Unikal"ın əldə etdiyi məlumata görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxslərdən Samir Əliyevə şərti cəza verilməklə məhkəmə zalından azadlığa buraxılıb. Buna səbəb zərərçəkmişlərə dəymiş ziyanın hamısını ödəməsidir.
Təqsirləndirilən şəxslərdən Məhəmməd Şirinzadə 4 il, Elmar Babayev isə 4 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Xatırladaq ki, dövlət ittihamçısı Zamil Mehraliyev məhkəməyə təqsirləndirilən şəxslərdən Samir Əliyevin 10 il 6 ay və Məhəmməd Şirinzadənin 10 il 6 ay, Elmar Babayevin isə il 11 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.
İstintaqla müəyyən edilib ki, dəstə üzvləri bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluğa cəhd etmə, saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq təkrar talamaqla oğurluq cinayəti və silah qismində istifadə edilən pnevmatik tapança ilə quldurluq cinayət əməllərini törədiblər.
Elmar Babayev, Samir Əliyev və Məhəmməd Şirvanzadəyə qarşı Cinayət Məcəlləsinin 29, 177.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluğa cəhd), 177.2.2-ci 177.2.3 (təkrar oğurluq və (qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq), 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 181.2.1-ci (quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın, təkrar törədildikdə), 181.2.3-cü (Quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə) və 181.2.5- ci (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Orxan Rasifoğlu
