Birlikdə fəhləlik etdiyi tanışını qətlə yetirdikdən sonra cinayəti gizlətmək məqsədilə meyiti hissələrə ayırıb dərəyə atmaqda təqsirləndirilən Fazil Feyzullayev və Ülvi Abasovunun cinayət işi üzrə məhkəməsi davam etdirilib. 

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Ülvi Abbasov dindirilib.

O, ifadəsi zamanı hadisədən xəbərsiz olduğunu deyərək bu barədə polis bölməsində məlumat aldığını deyib.

"Mən də onlarla eyni həyətdə kirayədə qalırdım.İşlərimiz də ayri-ayrı idi.İskəndər Fazillə bir otaqda qalırdı.Həmin gün səhər Fazil gəldi ki,küçədə taksi gözlüyür ratona gedirəm əşyalarım var kömək elə mənə Məndə onun sumkalarını küçəyə çıxardıb maşına qoymağa kömək etdim.Demişdi ki,sumkalarda  tikindidə istifadə etdiyi alətlərdir ratona apaır.Mən bilsəydim sumkalarda meyitdir heç vaxt kömək etməzdim.9 aydır günahsız yatıram burda".

Təqsirləndirilənin bu ifadələri zərərçəkən tərəfin hiddəti ilə qarşılandı. Onlar İfadəyə müdaxilə edərək Ülvi Abbasovun yalan danışdığını və bu cinayəti Fazil Feyzullayevlə birlikdə törətdiyini deyiblər.

Daha sonra Ülvi Abbasovun ibtidai istintaqa verdiyi ifadəsi məhkəmədə elan edilib.

"Mən 1 il idi ki,həmin ünvanda kirayədə qalırdım.Mən tək qalırdım,Fazillə İskəndər isə birlikdə qalırdı.Avqustun 4 də gecə yarısı Fazil qapımı döyub məni çağırdı.Biz əvvəl Fazillə İskəndərin pulunun olması barədə danışmışdıq.Fazil məni çağirandan sonra otağa girdik,mən İskəndərin ayağlarını tutdum Fazildə dəmirlə bir neçə dəfə İskəndərin sifətindən vurdu".

İbtidai istintaqdakı ifadəsi ilə məhkəmədəki ifadəsi arasındakı ziddiyətə aydınlıq gətirən Ülvi Abbasov vurgulayıb ki,o bu ifadəsini təzyiq altında verdiyi üçün cinayətdə iştirak etdiyi etiraf edib.

Qətlə yetirilən İskəndər Əliyevin hüquqi varisi və qardaşı İsmayıl Əliyevdə verərək qardaşının qətlində hər iki şəxsin birlikdə iştirak etdiyini deyərək məhkəmədən onlara ən ağır cəza verilməsini xahiş edib.

Məhkəmənin növbəti iclası mayın 6-na təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin avqustunda paytaxtın Nəsimi rayonu ərazisində baş verib. 

Belə ki, gecə saat 4 radələrində 1977-ci il təvəllüdlü Fazil Feyzullayev kirayədə yaşadığı evdə onunla birgə yaşayan Tərtər rayon sakini 1991-ci il təvəllüdlü İsgəndər Əliyevi küt alətlə qətlə yetirib. Sonra isə o, meyiti avtomobillə Ağsu dolaylarına gətirib. Meyitin iki torbasını Ağsu dolaylarından dərəyə, digər iki hissəsini isə rayon ərazisindəki Cavanşir gölünə atıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində cinayət hadisəsinin üstü açılıb və Fazil Feyzullayev və ona kömək edən Ülvi Abbasov saxlanılıb.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.5 (tamah məqsədi ilə adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə), 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq), Feyzullayevə qarşı eyni zamanda 245-ci (meyit üzərində təhqiredici hərəkət) maddələri ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu