"Son dövrlərdə Azərbaycana yüksək səviyyəli səfərlərin təşkili ölkəmizinin geosiyasi və geoiqtisadi əhəmiyyətinin daha da artmasından xəbər verir. Azərbaycan regionda yeni düzən formalaşdıran dövlətdir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam bərpa etməsi regionun inkişafında yeni səhifə açıb".
"Unikal" xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, Latviya və Ukrayna prezidentlərinin ötən həftə Azərbaycana reallaşan səfərlərindən sonra Çexiya baş naziri ölkəmizdədir:
"Bu ölkəmizin yüksək nüfuzunun göstəricilərindədir. Bu eyni zamanda region dövlətlərinin Azərbaycan ilə əməkdaşlığı daha da gücləndirməkdə maraqlı olması deməkdir. Azərbaycan Çexiya ilə strateji tərəfdaşlığa malikdir. 2025-ci ildə Azərbaycan və Çexiya arasındakı ticarət dövriyyəsi 814 milyon dollar olub. Ötən il Azərbaycandan Çexiyaya 745 milyon dollarlıq mal ixrac edilib. Bu isə qarşılıqlı ticarət dövriyyəsində Azərbaycanın 675 milyon dollarlıq müsbət saldoya malik olması deməkdir. Hazırda Çexiya Azərbaycanın 6-cı, Avropa İttifaqında isə 4-cü ən böyük ixrac tərəfdaşıdır. Ölkələr arasında enerji sahəsində möhkəm əməkdaşlıq qurulub. Çexiya tərəfi Azərbaycanla yalnız ənənəvi enerji resursları deyil, həmçinin bərpa olunan enerji, enerji səmərəliliyi və hidrogen sahələrində əməkdaşlıqda maraqlıdır.
Çexiya baş nazirinin Azərbaycana səfəri zamanı iki ölkənin iş adamlarının iştirakı ilə biznes forum keçiriləcək və bu ikitərəfli iqtisadi əlaqələrin inkişafı üçün yeni imkanlar deməkdir. Bu eyni zamanda, ölkələr arasında ticarət dövriyyəsinin növbəti illərdə daha da artırılacağından xəbər verir. Qeyri neft-qaz sahəsində əməkdaşlığın gücləndirilməsi əsas prioritetlərdəndir".
