Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən paytaxtın Yasamal rayonu, Lev Tolstoy küçəsində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
FHN-in Mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, hazırda binanın taxta arakəsmələrinin sökülməsi və bəzi tüstülənmə ocaqlarının söndürülməsi istiamətində işlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
*** 13:05
Səbail rayonu, Lev Tolstoy küçəsində yerləşən ikimərtəbəli yaşayış binasında yanğın zamanı xəsarət alan var.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən "Unikal"a bildirilib ki, bu gün saat 11:47 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Səbail rayonu, L. Tolstoy 7 küçəsindən yanğın baş verməsi səbəbilə çağırış qeydə alınıb.
"Çağırış ünvanına 5 təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 63 yaşlı (qadın) bədənin müxtəlif nahiyələrinin II-III dərəcəli termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub", məlumatda qeyd olunub.
*** 12:08
Bakıda baş verən yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.
DİN-in Mətbuat Xidmətindən "Unikal"a bildirilib ki, hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.
*** 11:45
Bakının Səbail rayonunun Lev Tolstoy küçəsində ikimərtəbəli yaşayış binasında yanğın baş verib.
Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
***
11:36
Paytaxtın Səbail rayonu Lev Tolstoy küçəsində yerləşən yaşayış binalarından birində güclü yanğın hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, yanğın yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri çağırış üzrə cəlb olunub.
Gülayə Mecid
