“Football Meets Data” statistika portalı Azərbaycan Premyer Liqasının qalibi olmağa namizəd klubların adlarını açıqlayıb.

"Unikal" həmin portala istinadla xəbər verir ki, turnirin əsas favoriti “Sabah” komandası hesab olunub. “Bayquşlar”ın mövsümün sonunda çempion olma ehtimalı 46 faiz qiymətləndirilib.

“Sabah” hazırda turnir cədvəlinə başçılıq edir və ən yaxın izləyicisi “Qarabağ”ı 4 xal qabaqlayır. “Football Meets Data”ya görə, mövsümə əsas favorit kimi başlayan “Qarabağ” da çempionluq uğrunda mübarizəni davam etdirir, lakin hazırkı göstəricilərə əsasən şansı liderdən aşağıdır. Digər komandalar – “Zirə”, “Turan Tovuz”, “Araz-Naxçıvan” və “Neftçi”nin qızıl medal qazanmaq ehtimalı isə minimal səviyyədədir.