Ucar rayonunda 15 yaşlı qız ana olub. Yəni uşaq özü uşaq dünyaya gətirib. 

Fakt üzrə cinayət işinin başlanması və istintaqın aparılması, xüsusilə valideyn məsuliyyətinin araşdırılması hüquqi çərçivənin işə düşdüyünü göstərir. Yeniyetmənin ana olması ilə nəticələnən hadisəyə lazımi şəkildə qiymət veriləcək. Bundan şübhəm yoxdur. Fəqət, məsələnin digər tərəfləri də var. Bu, cəmiyyətin dərin sosial problemlərini üryan şəkildə sərgiləyir.

Rəsmi məlumatlara əsasən, 2011-ci il təvəllüdlü yeniyetmə doğum sancıları ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və təbii doğuş baş verib. Yeniyetmə bununla təkcə 1900 qramlıq oğlan uşağı yox, tonlarla ağırlıqda sosial problem, kimlərinsə məsuliyyətsizliyinin, kiminsə həvəsinin və cinayətinin bədəlini dünyaya gətirib.

Bu cür hadisələr adətən təsadüfi olmur. Erkən nikahlar, sosial nəzarətin zəifliyi, ailədaxili maarifləndirmənin aşağı səviyyədə olması və bəzi hallarda hüquqi mexanizmlərin preventiv deyil, reaktiv xarakter daşıması belə halların yaranmasına zəmin yaradır.

Digər mühüm faktor isə reproduktiv sağlamlıq və cinsi maarifləndirmə sahəsində boşluqlardır. Yeniyetmələrin bu sahədə məlumatlılığının aşağı olması, həmçinin məktəb və ailə institutlarının bu mövzuda yetərincə açıq və sistemli yanaşma sərgiləməməsi də riskləri artırır.

Beynəlxalq təcrübə göstərir ki, erkən hamiləlik halları ilə mübarizədə təkcə hüquqi tədbirlər kifayət etmir. Məsələn, bir sıra Avropa məktəblərində erkən yaşdan başlayan cinsi və psixoloji maarifləndirmə proqramları bu kimi halların sayını əhəmiyyətli dərəcədə azaldıb. Azərbaycanda isə bu sahədə addımlar atılsa da, onların effektivliyi və əhatə dairəsi hələ də müzakirə mövzusudur.

Burada əsas sual dəyişməz qalır: bu hadisə qarşısı alına bilərdimi? Əgər cavab "bəli"dirsə, deməli problem təkcə fərdi məsuliyyət deyil, sistemli yanaşmanın yetərsizliyidir.

Lakin işin, necə deyərlər, "əmması" çoxdur...

Hadisə ilə bağlı açıqlama verən ananın dili topuq vurur.

O, qızının doğum etməsindən cəmi 14 gün əvvəl - mart ayının 31-də xəbər tutduğunu deyib. Bir ananın eyni evin içində övladından, onun vəziyyətindən xəbər tutmaması nə dərəcədə mümkündür? Axı bu yeniyetmə təbii doğuş edib. Bioloji olaraq bədən dəyişib, ürəyi nələrsə istəyib, ağrılı, sancılı günləri olub və s. Ana isə, sanki, yad birindən danışırmış kimi, rahat danışır, yalan deməyə davam edir. 

Qadının qızına təcavüz etməkdə ittiham etdiyi qonşusunun atası da danışıb. O, təkcə oğlunun yox, bir neçə nəfərin izahat verməyə çağırıldığını, cinayəti kimin törətdiyinin isə DNT analizinin cavabları çıxdıqdan sonra aydın olacağını deyib. 

Yaxşı. Bu pedofilliyi edən hər kimdirsə, cəzasını hökumət kəsəcək. Əslində, belələrini görüb, edam hökmünün Azərbaycanda da tətbiq olunmasını ürəkdən arzulayıram.

Deyək ki, yeniyetmə qorxaraq susub. Bəs ailə? Ana deyir ki, qızını 31 martda Ağdaşda həkimə aparıb. Yeniyetməni yoxlayan həkim niyə susub? Tutaq ki, həkim qızın yaşını bilməyib. Ana bilib, hətta indi təcavüzdən danışır. Bəs niyə iki həftədir susurdu? 

Məsələ mətbuata məlum olmasaydı, yeniyetmənin sonrakı taleyinin necə olacağınını təsəvvür etmək belə çətindir.

Bu yazını yazdıqdan sonra, güman ki, saytın "cəmiyyət" bölməsinə əlavə edəcəyəm. Bu gün cəmiyyətimizdə belə bir hadisənin baş verməsindən sadəcə utanmaq olar. Ya papağımızı qarşımıza qoyub, düşünməliyik. Düşünüb çarə tapmaq da kifayət deyil, praktiki addımlar atmalıyıq. Bu da yuxarıda sadaladığım yollarla qismən mümkündür. Ya da ki, Mirzə Səfər, papağını da götür, get burdan! Getmək isə heç vaxt çarə deyil!

Əlqərəz,

Ucarda baş verən hadisə hüquqi prosedurla yekunlaşacaq bir fakt kimi deyil, sosial siyasətin effektivliyini test edən göstərici kimi dəyərləndirilməlidir. Erkən hamiləlik və yetkinlik yaşına çatmayanların müdafiəsi məsələsi yalnız cəzalandırma ilə yekunlaşmamalıdır. 

Əks halda, bu gün Ucarda baş verən hadisə sabah başqa bir bölgədə təkrarlana bilər və bu, artıq ayrı-ayrı hadisələrin deyil, sistemli problemin göstəricisi kimi qəbul olunacaq.

Ağarza Elçinoğlu