Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Çindaoda fəaliyyət göstərən bərk məişət tullantılarının emalı müəssisəsinə baş çəkib. Burada müasir texnologiyalar əsasında qurulan müəssisənin fəaliyyəti barədə ətraflı məlumat verilib.
"Unikal" xəbər verir ki, görüş zamanı keçirilən müzakirələrdə təcrübə və məlumat mübadiləsinin əhəmiyyəti vurğulanıb, gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, nümayəndə heyətinə Milli Məclisin deputatı, “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev, eləcə də Azərbaycanın Çindəki səfirliyinin əməkdaşları daxildir.
Xatırladaq ki, Gəncə ilə Çindao şəhərləri arasında dostluq və əməkdaşlıq haqqında saziş 2023-cü ildə Şanxay Əməkdaşlıq Təşkilatının Çindaoda təşkil etdiyi “Xalq diplomatiyası və qardaşlaşmış şəhərlər” forumu çərçivəsində imzalanıb. Bu səfər qardaşlaşmış şəhərlər münasibətlərinin qurulmasından sonra həyata keçirilən ilk rəsmi səfərdir.
