"Yerin təki haqqında" qanuna təklif edilən dəyişikliklə su anbarlarında və sututarlarda toplanan çöküntülərin yer təkindən istifadə növü kimi müəyyənləşdirilməsi nəzərdə tutulur".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi İdarə Heyətinin sədri Samir İdayətov deyib. 

Onun sözlərinə görə, "Yerin təki haqqında" qanuna təklif edilən dəyişiklik yer təkinin istifadəsi sahəsində hüquqi tənzimlənmənin təkmilləşdirilməsi, təbii ehtiyatlardan səmərəli istifadə olunması, ekoloji təhlükəsizliyin gücləndirilməsi və dağ-mədən fəaliyyəti nəticəsində yaranan tullantıların dövriyyəyə cəlb edilməsinin hüquqi əsaslarının dəqiqləşdirilməsi məqsədini daşıyır: "Qanuna dəyişiklik əsasında ilk olaraq su anbarlarında və sututarlarda toplanan çöküntülərin (qum, qum-çınqıl, gil), habelə tunellər və keçidlərin tikintisi ilə əlaqədar yer təkindən çıxarılan süxurların istifadəsinin yer təkindən istifadə növü kimi müəyyənləşdirilməsi nəzərdə tutulub".

S.İdayətov qeyd edib ki, Azərbaycanda qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərin fəaliyyətinin sağlamlaşdırılması tədbirlərinə dair qaydalar hazırlanacaq. Onun sözlərinə görə, "Yerin təki haqqında" qanuna təklif edilən dəyişikliklə qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərin fəaliyyətinin sağlamlaşdırılması tədbirlərinə dair qaydalar hazırlanacaq:

"Yer təki istifadəçiləri tərəfindən istismardan sonrakı mərhələdə rekultivasiya işlərinin aparılması və dağ-mədən işləri ilə əlaqədar istehsalat tullantılarından istifadə qaydaları müəyyən edilmiş layihədə öz əksini tapıb".

O qeyd edib ki, dağ-mədən tullantılarının idarə olunması üzrə qaydaların formalaşdırılması zəruridir: "Faydalı qazıntıların hasilatı prosesində əhəmiyyətli həcmdə istehsal və texnogen tullantılar formalaşır. Aparılmış hesablamalara əsasən, ölkə üzrə bu sahədə hər il orta hesabla yüz minlərlə ton tullantı yaranır və mövcud vəziyyət təhlili onu göstərir ki, tullantıların böyük hissəsi sement istehsalı üçün xammal olaraq, bir hissəsi isə tikinti və infrastruktur layihələrində təkrar istifadə olunur. Hazırlanacaq qaydaların əsas məqsədi tullantıların istifadəsinin müəyyən edilməsi, uçot və hesabatlılıq mexanizmlərinin tam tətbiq edilməsi məqsədini daşıyır".

Anar Kəlbiyev