"Azəriqaz" İB Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq.

"Unikal" xəbər verir ki, bayram günlərində Birliyin Müştəri əməliyyatları şöbəsinin əməkdaşları 31 dekabr və 2026-cı il yanvar ayının 01-04 tarixlərində fəaliyyət göstərəcək. Xidmət Bakı (yeni ünvan: Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əliağa Şıxlinski küçəsi, giriş 55) və Sumqayıt RQİİ-lərin inzibati binalarında, eləcə də Xəzər, Qaradağ və Abşeron xidmət sahələrində təşkil olunacaq. Bakı RQİİ-nin inzibati binasında 31.12.2025 - 04.01.2026-cı il tarixlərində saat 10:00-dan 17:00-dək, həmçinin Sumqayıt RQİİ-nin inzibati binasında, Abşeron, Qaradağ və Xəzər Xidmət sahələrində 31.12.2025 - 03.01.2026-cı il tarixlərində saat 10:00-dan 17:00-dək abonentlərə xidmət göstəriləcək. Eləcə də Bakı RQİİ-nin bütün xidmət sahələrində, eynilə bölgələrdə də növbəlilik tətbiq etməklə Birliyin müvafiq sayda əməkdaşları iş başında olacaqlar.

31.12.2025-04.01.2026-cı il tarixlərində “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərində qeyri-iş günüdür.

Abonentlərin nəzərinə çatdırırıq ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 7/24 fəaliyyət göstərən 104 Çağrı Mərkəzinə məlumat versinlər. 

"Azəriqaz" İstehsalat Birliyi Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir.