Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatında gənclərlə növbəti görüş təşkil olunub.

"Unikal" xəbər verir ki, görüşdə çıxış edən YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov ölkəmizin inkişafında gənclərin rolundan geniş bəhs edib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda gənclər siyasətinin uğurla həyata keçirildiyini, gənclərə göstərilən dövlət qayğısının davamlı olaraq gücləndirildiyini diqqətə çatdırıb.

Bayram Aslanov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan gəncliyinə olan inamı və etimadı bu gün özünü tam doğruldur. Onun əsasını qoyduğu gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək yeni inkişaf mərhələsinə qədəm qoyub.

Bildirilib ki, zəngin və şərəfli tarixə malik Yeni Azərbaycan Partiyası hər zaman xalqın etimadını doğruldaraq, ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayıb. Partiyanın qazandığı uğurların əsasında sözlə əməl birliyinə sadiqlik dayanır.

B.Aslanov vurğulayıb ki, müasir dövrdə dövlətçilik dəyərlərinə sadiq, vətənpərvər və savadlı gənc nəsil formalaşıb. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə bu nəslin gücünü və əzmini bütün dünyaya nümayiş etdirdi. Qeyd olunub ki, həmin Qələbədə bütün vətəndaşların payı olsa da, əsas yük məhz gənclərin üzərinə düşüb.

Eyni zamanda diqqətə çatdırılıb ki, bu gün Gəncə şəhərində təşəbbüskar, bacarıqlı və yüksək təşkilatçılıq qabiliyyətinə malik gənclər yetişir. Onların keyfiyyətli təhsil alması, bilik və innovativ bacarıqlara yiyələnməsi ölkənin dayanıqlı inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.

Görüş çərçivəsində gənclərlə açıq dialoq aparılıb, onları maraqlandıran məsələlər ətrafında müzakirələr keçirilib və çoxsaylı suallar cavablandırılıb.