Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Siyasi Birliyinin (ASP) İrəvanda keçiriləcək iclasına dəvət olunub. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb. 

Bu təşkilat Avropa ölkələri arasında strateji yaxınlaşma, əməkdaşlıq, dialoq və koordinasiyanı təşviq etmək üçün yaradılıb. Görüş mayın 4-də Ermənistanın paytaxtı İrəvanda keçiriləcək.

"Gələcəyin Qurulması: Avropada Birlik və Dözümlülük" adlı görüşə Avropa Şurasının prezidenti Antonio Kosta və Ermənistanın baş naziri Nikol Paşinyan həmsədrlik edəcək.

Türkiyənin 6 oktyabr 2022-ci ildə Praqada (Çexiya) keçirilən ilk zirvə toplantısında iştirak etdiyi vurğulanır. Ərdoğan həmçinin 7 noyabr 2024-cü ildə Budapeştdə (Macarıstan) və 16 may 2025-ci ildə Tiranada (Albaniya) keçirilən görüşlərdə iştirak edib. Qeyd olunur ki, o, həmçinin 2023-cü ildə İspaniya və Moldovada, 2024-cü ildə Böyük Britaniyada və 2025-ci ildə Danimarkada keçirilən görüşlərə dəvət olunmuşdu, lakin o, həmin görüşlərdə iştirak etməyib. 

Ərdoğanın İrəvan görüşündə iştirak edib-etməyəcəyi ilə bağlı Türkiyədən hələlik rəsmi açıqlama verilməyib. 

Ərdoğan İrəvan sammitində iştirak etməsə, Türkiyə orada təmsil olunmayacaq. Çünki qaydalara görə, yalnız dövlət və hökumət başçıları iştirak edə bilər. Nazirlər səviyyəsində və ya daha aşağı səviyyədə təmsil olunmağa icazə verilmir.

Ağarza Elçinoğlu