"İrana qarşı blokada və dəniz məhdudiyyətləri tətbiq etmək cəhdi uğursuzluğa məhkumdur".
"Unikal" xəbər verir ki, bunu İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian deyib.
O, Fars Körfəzinin Milli Günü münasibətilə ünvanladığı mesajda bu strateji su yolunu iranlıların milli kimliyinin ayrılmaz hissəsi və İran İslam Respublikasının suverenliyinin simvolu hesab edib: "Bu il biz Fars Körfəzi Milli Gününü elə bir şəraitdə qeyd edirik ki, Ramazan müharibəsi (40 günlük müharibə - red.) zamanı bu bölgənin, xüsusən də Hörmüz boğazının əhəmiyyəti dünyaya bir daha aydın oldu. Ölkənin donanmasının şücaəti göstərdi ki, bu həyati əhəmiyyətli keçid enerji ötürülməsindəki strateji funksiyasına əlavə olaraq, milli suverenliyin simvoludur və İranın regional və qlobal təhlükəsizliyin təmin edilməsindəki danılmaz rolunu əks etdirir.
Bu gün düşmənlərimiz yanaşmalarını dəyişdiriblər. Onlar təzyiq sahəsini iqtisadi və dəniz sahələrinə yönəldiblər. "Dəniz blokadası" strategiyası və dəniz ticarət yollarında məhdudiyyətlər yaratmaqla İran hökumətinə və xalqına yeni bir təzyiq vasitəsini gündəmə gətiriblər. Lakin düşmənlərimiz bilməlidirlər ki, Fars körfəzi birtərəfli xarici iradələrin tətbiqi üçün bir arena deyil, beynəlxalq qarşılıqlı əlaqələr sisteminin bir hissəsidir və onun təhlükəsizliyi yalnız kollektiv əməkdaşlıq və sahil ölkələrinin suverenliyinə qarşılıqlı hörmət işığında məna kəsb edir. Buna uyğun olaraq, dəniz blokadası və ona məhdudiyyət qoymaq üçün edilən hər hansı bir cəhd beynəlxalq hüquqa ziddir və region xalqlarının maraqlarına, qlobal sülh və sabitliyə təhdiddir və uğursuzluğa məhkumdur".
Ağarza Elçinoğlu
