Liviya prokurorluğu Tobruk sahilləri yaxınlığında baş verən və 38 insanın ölümü ilə nəticələnmiş faciədən sonra qeyri-qanuni miqrantların daşınması ilə məşğul olan cinayətkar şəbəkənin axtarışı üçün təhlükəsizlik orqanlarına göstəriş verib.
"Unikal" “əş-Şarq əl-Avsət” qəzetinə istinadla xəbər verir ki, Aralıq dənizində qayığın batması nəticəsində Misir, Sudan və Efiopiya vətəndaşları həlak olub.
Baş Prokurorluğun məlumatına görə, miqrantlar köhnə və yararsız qayıqla açıq dənizə çıxarılıb, lakin qayıq təyinat nöqtəsinə çata bilməyərək batıb.
Bundan əvvəl isə Tobruk sahillərində üç gün dənizdə qalan bir qrup miqrant, o cümlədən üç qayıqda dənizdə qalmış 116 nəfər xilas edilib.
Faktla bağlı Tobruk prokurorluğunda araşdırma başlanılıb, insan alveri əməliyyatının təşkilində iştirak edən şəxslər müəyyən edilib və 300 min dinar məbləğində qanunsuz vəsait aşkar olunub. İstintaq qeyri-qanuni maliyyə axınlarına cavabdeh şəxslərin də müəyyən edilməsi ilə nəticələnib və şəbəkə üzvlərinin saxlanılması barədə göstəriş verilib.
Son günlər Tobruk sahillərindən çoxsaylı miqrant qayıqlarının yola düşdüyü müşahidə olunub. Onların bir qismi batıb, digərləri isə Liviya ərazi sularını tərk etməzdən əvvəl saxlanılıb.
Beynəlxalq Miqrasiya Təşkilatı son məlumatında bildirib ki, son günlər Aralıq dənizində 180-dən çox insan ölüb və ya itkin düşüb. 2026-cı il üzrə ümumi itkilər min nəfərə yaxınlaşır.
