Aprelin 29-da Ağverəndə keçirilən delimitasiya komissiyalarının 13-cü iclası Azərbaycan -Ermənistan münasibətlərində yeni mərhələnin konturlarını daha aydın göstərir. 

Görüşün növbəli şəkildə Azərbaycan və Ermənistan ərazilərində baş tutması  və tərəflərin texniki sənədlər üzrə razılığa gəlməsi prosesin institusional əsaslara keçdiyini nümayiş etdirir. Bu, əvvəlki dövrlərlə müqayisədə fərqli olaraq, siyasi bəyanatlardan konkret icra mexanizmlərinə keçidin göstəricisidir.

Razılaşdırılan üç əsas təlimat – ekspert qruplarının iş qaydası, delimitasiya xəritəsinin hazırlanması və sənədlərin tərtibatı və nəşri – sərhədin müəyyənləşdirilməsi prosesini hüquqi və texniki baxımdan sistemləşdirir. Bu isə təsadüfi deyil: delimitasiya artıq siyasi müzakirə predmetindən çıxaraq, idarə olunan texniki prosesə çevrilir.

Burada əsas məqam Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiya xəritəsinin hazırlanması haqqında Təlimatdır.

Azərbaycan üçün bu mərhələnin əsas əhəmiyyəti bir neçə istiqamətdə özünü göstərir:

Birincisi, sərhədlərin hüquqi əsaslarla müəyyənləşdirilməsi post-münaqişə dövründə təhlükəsizlik risklərini minimuma endirir. Delimitasiya prosesi nə qədər konkret və sənədləşdirilmiş olarsa, gələcəkdə sərhəd insidentlərinin qarşısını almaq bir o qədər asan olacaq.

İkincisi, texniki razılaşmalar Azərbaycanın diplomatik mövqeyini gücləndirir. Çünki Bakı uzun müddətdir ki, sərhədlərin beynəlxalq hüquqa uyğun delimitasiyasını prioritet kimi irəli sürürdü. Hazırkı razılaşmalar həmin xəttin praktik nəticəsidir.

Üçüncüsü, iqtisadi komponentin paralel şəkildə gündəmə daxil edilməsi təsadüfi deyil. Ermənistan ərazisinə Azərbaycan vasitəsilə tranzitin həyata keçirilməsi və neft məhsullarının tədarükü regionda yeni iqtisadi reallığın formalaşdığını göstərir. Bu modeldə Azərbaycan yalnız siyasi deyil, həm də logistik və enerji mərkəzi kimi çıxış edir.

Danışıqlarda Şahin Mustafayev formulu

Şahin Mustafayev erməni dilində sərbəst danışırmış

Fotoda: Şahin Mustafayev, Azərbaycan Respublikası Baş Nazirinin müavini

Ermənistanla keçirilən danışıqlara Baş Nazirin müavini Şahin Mustafayevin rəhbərlik etməsi təsadüfi deyil. O, uzun illər ərzində dövlət ərkanında özünü doğruldub.

Belə ki, Şahin Mustafayev Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının sədri olub. Ş.Mustafayev həmin dövrdə Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri idi. 

Azərbaycan Respublikası Prezidentinin 11 may 2020-ci ildə imzaladığı Sərəncama əsasən, Baş Nazirin müavini Şahin Mustafayev sərhəd-nəzarət buraxılış məntəqələrinin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması üzrə Komissiyanın sədri təyin edilib.

O, həmçinin 2022-ci ildən bura Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının sədridir. 

Ş.Mustafayev erməni dilində sərbəst danışır. Bir sözlə, ermənilərin dilindən yaxşı anlayır və dövlətin əsas siyasi güclərindən biridir. Buna görə də Azərbaycanın Ermənistanla dövlət sərhədi ilə bağlı məsələlər Şahin Mustafayevə etibar olunub.

Cənubi Qafqazda sərhəd məsələləri

Cənubi Qafqazda sərhəd məsələlərinin həlli tarixən uzunmüddətli və konfliktli proses olub. Gürcüstan-Rusiya və ya Ermənistan-Gürcüstan sərhəd təcrübələri göstərir ki, delimitasiya illərlə uzana bilər. Bu kontekstdə Azərbaycan-Ermənistan xəttində texniki sənədlərin razılaşdırılması nisbətən sürətli irəliləyiş kimi qiymətləndirilə bilər.

Eyni zamanda, prosesin irəliləməsi regionda kənar aktorların təsir imkanlarını da məhdudlaşdırır. Sərhəd məsələlərinin ikitərəfli formatda həlli Azərbaycanın maraqlarına daha çox cavab verir, çünki bu, üçüncü tərəflərin siyasi manipulyasiya imkanlarını azaldır.

Delimitasiya üzrə layihələr razılaşdırıldı - FOTOLAR

Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on üçüncü iclası. 29 aprel, 2026. Ağverən, Ermənistan.

Tranzit daşımaların və enerji tədarükünün başlaması yeni iqtisadi münasibətlər modelinin ilkin əlamətləridir. Bu modelin əsas xüsusiyyəti qarşılıqlı asılılıqdır. Ermənistan üçün bu, iqtisadi blokadadan qismən çıxış imkanı yaradırsa, Azərbaycan üçün regionda iqtisadi təsir rıçaqlarının genişlənməsi deməkdir.

Delimitasiya prosesi mərhələli şəkildə tamamlanarsa, demarkasiya başlanacaq və paralel olaraq sülh sazişi də Ermənistandakı seçkilərdən sonra imzalanacaq. Bu halda Azərbaycan regionda sabitliyin əsas təminatçısına çevriləcək. 

Ermənistan daxilində siyasi təzyiqlər və ya xarici təsirlər prosesi ləngidərsə, delimitasiyanın fraqmentar xarakter almasına səbəb ola bilər. Bu da qarşıdakı seçkilərdə Paşinyan rejiminin məğlubiyyəti ilə mümkündür. 

Ümumiyyətlə, Ağverəndə keçirilən görüş göstərir ki, Azərbaycan-Ermənistan münasibətləri artıq yeni mərhələyə daxil olub. Qqarşıdurmadan tənzimlənən rəqabət və məhdud əməkdaşlıq modelinə keçid müşahidə olunur. Azərbaycan üçün əsas prioritet bu prosesi nəzarətdə saxlamaq, texniki razılaşmaları siyasi nəticələrə çevirmək və əldə olunan üstünlükləri uzunmüddətli regional təsirə transformasiya etməkdir.

Mövcud mərhələdə Bakı həm diplomatik, həm də iqtisadi alətlərdən effektiv istifadə etməklə Cənubi Qafqazın gələcək geosiyasi arxitekturasında aparıcı mövqeyini möhkəmləndirmək imkanına malikdir.

Ağarza Elçinoğlu