"Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Ermənistanla şərti sərhəddə çıxmışıq. Ermənistanla normal qonşuluq münasibətləri qurmaq istəyimizi elan etmişik".
Bunu "Unikal"a açıqlamasında deputat Aydın Mirzəzadə deyib. O bildirib ki, bizim münasibətlərdə bütün aspketlər öz əksini tapmalıdır:
"O cümlədən qarşılıqlı surətdə nümayəndə heyətlərinin bir-birinə səfəri artıq norma halını almalıdır. Sülh müqaviləsi paraflanıb. Yeganə şərt Ermənistanın konstitusiyasında Azərbaycana ərazi iddiası müddəasının çıxarılmasıdır. Cənab Prezident bir dəfə elan etdi ki, o həll edilərsə, sabahı günü müqavilə imzalana bilər. Bir müddət əvvəl Ermənistanın Baş nazirinin müavini Azərbaycana səfər etmişdi. İndi isə Baş nazirin müavini Şahin Mustafayevin səfəri onu göstərir ki, Azərbaycan qonşuluqda etibarlı və digər qonşu dövlətlərin suverenliyinə hörmət edən ölkədir. Etdiyimiz münasibəti Ermənistandan gözləyirik və buna müvafiq olaraq hərəkət edəcəyik".
Qeyd edək ki, Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edib.
Anar Kəlbiyev
