Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının və YAP Sumqayıt şəhər təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan “Ümummilli Liderin siyasi irsi” mövzusunda tədbir keçirilib.

"Unikal" xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb.

Sonra Sumqayıt şəhər Heydər Əliyev Mərkəzi ziyarət edilib.

Mərkəzdə keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan YAP İdarə Heyətinin üzvü, partiyanın Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında tarixi xidmətlərindən bəhs edib. O qeyd edib ki, Azərbaycanın inkişaf strategiyasının müəllifi Ümummilli Lider Heydər Əliyevdir. Ümummilli Liderin ölkəmizin tərəqqisi naminə həyata keçirdiyi islahatlar və irimiqyaslı layihələr Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün çağırışlarına uyğun olaraq uğurla davam və inkişaf etdirilir.

Çıxış edən YAP Veteranlar Şurasının üzvü Dilarə Seyidzadə Azərbaycanın güclü və qüdrətli dövlətə çevrilməsinin Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu deyib: “Azərbaycan xalqı çox xoşbəxtdir ki, Heydər Əliyev kimi dahi Lideri olub. Biz müstəqil ölkənin vətəndaşı olaraq çox çətin yollardan keçmişik. Bu müstəqilliyin qorunması və möhkəmlənməsi Ümummilli Liderin xidmətləri sayəsində mümkün olub. Heydər Əliyev ölkəmizin müstəqilliyini qorumaqla yanaşı, onun inkişafı naminə çox mühüm işlər görüb. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanı həm yaradan, həm möhkəmləndirən, dünyada tanıdan, həm də  gələcəyə doğru  uğurla aparan şəxsiyyət idi. O, özündə bütün keyfiyyətləri birləşdirmişdi”.

Dilarə Seyidzadə qeyd edib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev çətin anlarda  xalqına dayaq oldu. O, bütün ömrünü Azərbaycana, Azərbaycan xalqına həsr edib. Heydər Əliyev bildirirdi ki, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun qorunması, daimi, əbədi olması bundan da çətindir. Ulu Öndərin torpaq, Vətən sevgisi böyük idi. “Mən “Dəmir yumruq” əməliyyatı ilə torpaqlarımızın işğaldan azad olunmasını xüsusi vurğulamaq istəyirəm. O yumruqda xalqımızın birliyini görürəm. Bu, milli birlikdir,  Heydər Əliyevin arzusunun real təsdiqidir. Bu, Heydər Əliyev siyasətinin bəhrəsidir. O, xalqını və dövlətini dərin məhəbbətlə sevirdi və bu sevginin təcəssümü kimi Azərbaycana dövlətinə və xalqına sədaqətlə xidmət edən Lideri - cənab İlham Əliyevi bəxş etdi. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işlərinin miqyasına diqqət yetirin. Keçmiş məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıdışı, burada yeni həyata başlamaları hər birimizi qürurlandırır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün təmin olunması, işğala son qoyularaq azad edilmiş torpaqlarımızın cənnətə çevrilməsi naminə görülən işlər məhz Heydər Əliyev siyasətinin təntənəsidir”, - deyə YAP Veteranlar Şurasının üzvü vurğulayıb.

Tədbirdə, həmçinin YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Müzəffərova, Sumqayıt şəhər İcra Hakimiyyətinin sektor müdiri Gündüz Əliyev çıxış ediblər. Çıxışlarda bildirilib ki, Ulu Öndər Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı kimi adını tariximizə əbədi həkk etdirib. Ümummilli Liderin qurucusu olduğu müstəqil Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə davamlı inkişaf yolunda irəlilədiyi və yeni zirvələr fəth etdiyi diqqətə çatdırılıb. Vurğulanıb ki, uzun illər həm iqtisadi, siyasi, hərbi, həm də diplomatik sahədə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Qazanılan bütün nailiyyətlərin təməlində isə Ulu Öndər Heydər Əliyevin zəngin irsi və ideyaları dayanır. 

Sonra partiya sıralarına yeni qəbul olunan gənclərə üzvlük vəsiqələri təqdim olunub.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.