Bu il aprelin 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 619,6 milyon manat təşkil edib. Bu, martın 1-i ilə müqayisədə 10,25 % çoxdur. Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 18,1 %, son 1 ildə isə 28,65 % artıb.
Problemli kreditlərin qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
Deputat Vüqar Bayramov "Unikal"a açıqlamasında bildirib ki, problemli kreditlərin həcminin artması bank sektoru üçün heç də arzuolunan deyil.
Onun sözlərinə görə, bank sektorunda problemli kreditlərin həcminin optimallaşdırılması və xüsusilə ümumi kredit portfelində payının azaldılmasına nail olunması olduqca vacibdir:
"Təəssüf ki, xüsusilə istehlak kreditləri və bəzi kredit xətləri üzrə problemli kreditlərin həcminin artması müşahidə olunmaqdadır. Bu da nəticə etibarı ilə ümumi problemli kreditlərin həcmində artımlarla müşahidə olunur. Son rəqəmlər ondan xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı bu istiqamətdə nəzarətin gücləndirilməsi və problemli kreditlərin həcmindəki artım tempinin qarşısının alınması ilə bağlı yeni alətlərdən istifadə etməlidir. Xüsusilə kommersiya bankları tərəfindən ödəmə qabiliyyəti yoxlanılmadan kreditlərin təklif olunması aradan qaldırılmalıdır. Əvvəlki dövrlərdə daha çox müşahidə olunurdu ki, kredit kartları üzrə böyük limitlər açılırdı. Artıq bu məsələ Mərkəzi Bank tərəfindən tənzimlənir. Rəsmi gəlirin 5 misli məbləğində kredit limitlərinin açılmasına icazə verilir. Digər istiqamətlərdə də tənzimləmənin keçirilməsinə ehtiyac var ki, problemli kreditlərin həcmində yeni artımlar müşahidə olunmasın".
Anar Kəlbiyev
