Azərbaycan Tibb Universitetində görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103 illiyinə həsr olunmuş “İşığa baxış” adlı tədbir keçirilib.
"Unikal" xəbər verir ki, Dövlət Himni səsləndirildikdən sonra tədbirin aparıcısı, II Müalicə-Profilaktika fakültəsinin tələbəsi Lalə Qasımova qonaqları salamlayaraq tədbirin əhəmiyyətini vurğulayıb.
Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli çıxışında akademik Zərifə xanım Əliyevanın həm elmi irsinin, həm də mənəviyyatının cəmiyyət üçün müstəsna əhəmiyyətini vurğulayıb. Rektor qeyd edib ki, 1947-ci ildə ATU-nu bitirən Zərifə xanım, xüsusilə traxoma xəstəliyinin müalicəsi və sənaye oftalmologiyasının təşəkkülündə fundamental xidmətləri olan dünya miqyaslı bir alimdir.
G.Gəraybəyli əlavə edib ki, akademik Zərifə Əliyevanı xalqın yaddaşında əbədiləşdirən amil təkcə onun elmi uğurları deyil, həm də səmimiyyəti, təvazökarlığı və ali insani keyfiyyətləridir. Görkəmli alim, qayğıkeş ana və əsl ziyalı kimi onun qoyduğu zəngin irs bu gün də tibb işçiləri və gələcək nəsillər üçün bir həyat məktəbi, mənəvi örnək rolunu oynayır.
Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elnarə Muradova bildirib ki, Zərifə Əliyeva Azərbaycan səhiyyəsi və elminin inkişafında mühüm xidmətləri olan görkəmli şəxsiyyətlərdən biridir. O vurğulayıb ki, alimin yüksək humanist dəyərləri, insanlara həssas və qayğıkeş münasibəti, eləcə də ziyalılığı onu cəmiyyət üçün əsl nümunəyə çevirib.
ATU-nun Oftalmologiya kafedrasının müdiri, professor Paşa Musayev qeyd edib ki, Zərifə Əliyevanın elmi fəaliyyəti yalnız nəzəri tədqiqatlarla məhdudlaşmayıb, eyni zamanda praktik tibbdə də mühüm yeniliklərə yol açıb. O əlavə edib ki, alimin formalaşdırdığı elmi məktəb bu gün də inkişaf etməkdədir və çoxsaylı mütəxəssislərin yetişməsində əhəmiyyətli rol oynayır.
Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Qoşqar İsmayılov isə çıxışında akademik Zərifə Əliyevanın apardığı dərin elmi fəaliyyəti ilə beynəlxalq miqyasda tanındığını diqqətə çatdırıb. O vurğulayıb ki, akademikin tədqiqatları xüsusilə peşə xəstəlikləri və göz patologiyalarının öyrənilməsi sahəsində mühüm əhəmiyyət daşıyıb, eyni zamanda yüksək insani keyfiyyətləri ilə yadda qalıb.
Tədbirin bədii hissəsində “Həyat” teatr klubu tərəfindən hazırlanmış “Göz həkimi” tamaşasından səhnəcik təqdim olunub. Səid Qənbərin rejissorluğu və Aytac Şükürlünün bədii rəhbərliyi ilə hazırlanan səhnəcikdə İsmət Ağazadə (Şahbazov), Aysun Əliyeva (İradə), Məhəmməd Məmmədli (Rauf), Rövşanə Hüseynzadə (Nərminə), Elgün Abdullayev (Talıbov), Maarif Eyvazov (Geoloq), Leyla Qafarova (Geoloqun həyat yoldaşı), Fatimə Tahirova (Gülər) iştirak edərək obrazları yüksək peşəkarlıqla canlandırıblar. Səhnəcikdə oftalmologiya sahəsində elmi fəaliyyət, dissertasiya prosesi və peşə etikası mövzuları əks olunub, peşəkar məsuliyyət və mənəvi dəyərlərin önəmi vurğulanıb.
Konfrans daha sonra elmi sessiyalarla davam etdirilib. Birinci sessiyada professor Paşa Musayev və dosent Səriyə Quliyevanın moderatorluğu ilə dosent Tural Qəlbinurun “Küt zədəyə bağlı torlu qişa qopmaları”, dosent Hafiz Qəhrəmanovun “Katarakta cərrahiyyəsi: hansı göziçi linza, nə zaman və nə üçün?” və dosent Qabil Zülfiyevin “Miopiyanın inkişafı, risk amilləri və profilaktik tədbirlər” mövzularında elmi məruzələri dinlənilib.
Dosent Hafiz Qəhrəmanov və dosent Qabil Zülfiyevin moderatorluq etdiyi ikinci sessiyada isə dosent Qurban İsmayılovun “Refraktiv cərrahiyyə zamanı və sonra rast gəlinən fəsadlar: klinik hallar üzərində təhlil”, dosent Vəfa Məmmədovanın “Göz yaşı aparatı və onun xəstəlikləri: klinik hallar üzərində təhlil”, dr. Mehri Qurbanovanın “Zığ gəmi təmiri və tikintisi zavodunun işçilərində peşədən asılı göz xəstəliklərinin yayılması” və dr. Gülnar Əliyevanın “Serebrovaskulyar patologiyaların erkən aşkarlanmasında oftalmoloji müayinələrin rolu: klinik hallar əsasında təhlil” adlı çıxışları təqdim olunub.
Tədbir elmi müzakirələr və bədii təqdimatlarla zəngin keçərək iştirakçılar tərəfindən maraqla qarşılanıb.
