Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının, Bakı şəhər Gənclər və İdman İdarəsinin və Xəzər rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş voleybol yarışı keçirilib.

"Unikal" xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra YAP Xəzər rayon təşkilatının sədr müavini Şəfayət Nənəcanov, Xəzər rayonu üzrə gənclər və idman sektorunun müdiri Gündüz Vəliyev və 216 saylı tam orta məktəbin direktoru Çinarə Cəbrayılova çıxış edərək bildiriblər ki, Azərbaycanda idmanın inkişafı üçün geniş imkanlar yaradılıb. 1993-cü ildən sonra ölkədə əldə olunan sabitlik idman sahəsində də canlanmaya səbəb olub, maddi-texniki baza gücləndirilib və bu siyasət bu gün də uğurla davam etdirilir. Son illərdə ölkəmizdə beynəlxalq yarışların təşkili və idmançıların uğurlu nəticələri bunun bariz nümunəsidir.

Vurğulanıb ki, silsilə idman yarışlarının keçirilməsində əsas məqsəd Ümummilli Liderin anadan olmasının təntənəli şəkildə qeyd edilməsi, gənclərin idmana cəlb olunması, onların fiziki sağlamlığının möhkəmləndirilməsi, sağlam həyat tərzinin təbliği və rayonda idman ənənələrinin qorunub saxlanılmasıdır.

Yarışın final mərhələsində çıxış edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov bildirib ki, Ümummilli Liderin 103-cü ildönümünə həsr olunan tədbirlər gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır. Bu cür idman yarışları sağlam həyat tərzinin təşviqi və gənclərin fiziki inkişafı baxımından böyük əhəmiyyət daşıyır.

Final qarşılaşmasında Sabir Abbasov adına 117 saylı ümumtəhsil məktəbi ilə Elçin Şəmiyev adına 149 saylı ümumtəhsil məktəbinin komandaları mübarizə aparıblar. Ramiz Qasımov adına 216 saylı məktəbin idman zalında keçirilən və təcrübəli hakimlər tərəfindən idarə olunan yarışda komandalar bir qrupda mübarizə aparıblar. Nəticələrə əsasən, 117 saylı ümumtəhsil məktəbinin komandası I yerə, 149 saylı ümumtəhsil məktəbinin komandası II yerə, 26 saylı ümumtəhsil məktəbinin komandası isə III yerə layiq görülüb.

Sonda qaliblər mükafatlandırılıb.