Ərini qətlə yetirərək yaşadığı həyətdə basdırmaqda təqsirləndirilən Elmira İbrahimovanın cinayət işi üzrə məhkəməsi davam etdirilib.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı İsmayıl Cavadlı şahid qismində ifadə verən mərhumun atası Arif Əliyevə bir neçə sual verib:

- Təqsirləndirilən şəxs olan gəlniniz heç olubmu ki, evdə hər hansı bir ağır işlərə qoşulsun və ya mebeli, şkafı çəksin?

Şahid Arif Əliyev: "20 ildir ki bir yerdə qalırdıq. O atası evində olanda iş görəndə banka biləyinə düşmüşdü. Ona görə də onun ağır işlərlə məşğul olduğunu görməmişəm".

Daha sonra şahid qismində təqsirləndirilən şəxsin bacısı Esmira İbrahimova ifadə verib:

"Onlar sevib ailə qurublar. Əvvəl münasibətləri yaxşı idi sonradan münasibətlər pisləşdi. Bacımın yoldaşını öldürməsi ilə bağlı mənə heç bir məlumat verməyib. Bacım həbs olunandan sonra yanına getdim və hadisə barədə məlumat qısa danışdı. Bildirdi ki, mən onu öldürməsəydim o məni öldürəcəkdi. Bacımın fiziki cəhətdən heç bir ciddi problemi yoxdur".

Təqsirləndirilən şəxsin atası Məhəmməd İbrahimov şahid qismində ifadə verərək hadisə günü qızı onlara gəldiyini deyib:

"Qızım əvvəl bizə gəlmirdi. Mərhum ara-sıra digər ölkələrə gedirdi. Getsə belə, qızım gəlmirdi. Lakin hadisə günü bizə gəldi və bu hadisə barədə mənə heç bir məlumat vermədi. Qızımla mərhumun münasibətləri çox yaxşı olub lakin sonradan pisləşdi. Qızımın nikahdan kənar başqa adamla danışması barədə məlumatım yoxdur".

Məhkəmənin növbəti iclası mayın 14-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2024-cü ildə Sabunçu qəsəbəsində qeydə alınıb. Belə ki, orada yaşayan 1985-ci il təvəllüdlü Samir Əliyevin itkin düşməsi ilə bağlı 2024-cü il dekabrın 24-də ailə üzvləri 12-ci polis şöbəsinə müraciət ediblər. 

Əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin arvadı Elmira İbrahimova tərəfindən ov silahı ilə qətlə yetirilməsi və meyitin yaşadığı evin həyətində basdırılması, qəbrin üstünə də güllər əkilməsi müəyyən edilib. Cinayəti törədən qadın saxlanılaraq, istintaqa təhvil verilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu