"Sirkə nə qədər tünd olursa, öz qabını çatladır. Bunlar o qədər Azərbaycana qarşı korrupsiyaya uğramış cinayətlər törədiblər ki, artıq bunu açıq şəkildə bütün dünya görməyə başlayıb".
Bunu "Unikal"a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, deputat Səməd Seyidov deyib.
O bildirib ki, burada söhbət yalnız bunların əməllərindən getmir: "Bunlar cinayət əməllərinə ətrafında olan insanları da cəlb ediblər. Onlar da həmin rüşvətxorluq xəstəliyinə tutulmuş və Azərbaycana qarşı fəaliyyətə başlamışlar. Borrel elə birbaşa bunun əyani sübutudur. Bu məsələ Borellə məhdudlaşmır. Avropa Parlamentinin içərisində belə şəxslər heç də az deyil. Bunların Azərbaycana qarşı fəaliyyəti nəticəsində yalnız Avropa Parlamentində 13 qətnamə qəbul edilib. Sonuncu qəbul olunmuş qətnamə Ermənistanda keçiriləcək seçkilərlə bağlıdır. Onun 12 və 13-cü bəndinə yenə də Azərbaycanı daxil ediblər. Azərbaycana qarşı ağlasığmaz ittihamlar daxil ediblər. Ondan sonra sülh istəyirlər. Bunların məqsədi sülhü dağıtmaq və regiondan uzaq saxlamaqdır. Məqsəd bu istiqamətdə fəaliyyət göstərərək, regionda xaos və çaxnaşma yaratmaqdır. Onların fəaliyyəti böyük mənfi təsirə malikdir. O mənfi təsirin mənası ondan ibarətdir ki, özlərini ifşa edərək öz cinayətlərini demokratiya, qanunun aliliyi, insan hüquqları libasına geyinmiş tərzdə təqdim etmişdilər. Təqdimat bu şəkildə edildiyinə görə bu dəyərləri də ucuzlaşdırdılar, dəyərsizləşdirdilər. Bununla demokratiyaya, insan haqlarına və qanunun aliliyinə Avropanın içərisində zərbə vurdular".
Komitə sədri bildirib ki, bugünkü Avropanın krizis, çətin və ağlasığmaz problemlər içərisində olması ona görədir ki, özləri oturduqları budağı dağıdıblar, söküblər: "İndi elə bir quyuya düşüblər ki, oradan çıxmaq çətin məsələdir. Bir əli çaılışır bu münasibətləri düzəltsin, o biri əli isə həmin o korrupsionerlərlə əlaqəni kəsə bilmir. Biz yüksək səviyyədə Avropa Birliyi ilə əlaqələrimizi qururuq. 16 Avropa ölkəsinə qaz və neft ixrac edirik. Bu çox böyük rəqəmdir. Biz Avropanın enerji təhlükəsizliyini təmin edirik. Bunu həyata keçirdiyimiz halda həmin strukturun başqa qolu, yəni, Avropa Parlamenti tamamilə ağlasığmaz işlər görür, fəaliyyət gösərir. Avropanın maraqlarına zidd olan hərəkətlər edir. Burada böyük zərbə Avropanın özünə vurulur. Bütün Avropa böyük iqtisadi, siyasi və logistik təhlükə altında qalır.
Qeyd edək ki, Minval Politika Luis Okamponun siyasi korrupsiyaya bulaşmasını sübut edən videogörüntülər paylaşıb.
Anar Kəlbiyev
