Mayın 1-də Azərbaycan Tennis Federasiyası İctimai Birliyinin ümumi yığıncağı keçirilib.
"Unikal" xəbər verir ki, yığıncaqda federasiyaya yeni rəhbər seçilib.
Yığıncaqda çıxış edən gənclər və idman naziri Fərid Qayıbov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb. Nazir həmçinin 22 il federasiyaya rəhbərlik etmiş Oqtay Əsədova və bütün üzvlərə fəaliyyətlərinə görə minnətdarlığını bildirib.
İclasın gündəliyi təsdiq edildikdən sonra 2022–2026-cı illər ərzində federasiyada görülən işlərə dair hesabat təqdim edilib. Hesabat səsvermə yolu ilə təsdiqlənib. Daha sonra “Azərbaycan Tennis Federasiyası” İctimai Birliyinin Nizamnaməsi yeni redaksiyada səsvermə yolu ilə qəbul olunub.
Ardınca federasiyanın rəhbərliyinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, Ənvər Ənvərli 4 il müddətinə federasiyanın yeni prezidenti seçilib. Əliağa Fətullayev federasiyanın birinci vitse-prezidenti, Amal Əlili, Orxan Manaflı vitse-prezidentlər, Ramiz Həmzə-Zadə, Ləman Əliyeva, Elvin Məsimov İdarə Heyətinin üzvləri seçiliblər. Daha sonra Nəzarət-Təftiş Komissiyasına da seçkilər keçirilib. Fəzli Əzizov sədr, Faiq İsmayılov və Azər İsmayılov isə üzvlər seçiliblər.
22 il federasiyaya rəhbərlik etmiş Oqtay Əsədov isə prezidentlik üçün namizədliyini təqdim etməyib və vəzifəsindən gedib.
