Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyinə yeni təyinat olub.

AMB-dən "Unikal"a verilən məlumata görə, Sadiq Fərhad oğlu Axundov mayın 1-dən etibarən baş direktor təyin edilib.

Bununla da AMB-nin baş direktorlarının sayı 10-a çatıb.

Qeyd edək ki, S.Axundov 1991-ci ildə Lənkəran şəhərində anadan olub, 2012-ci ildə Bakı Dövlət Universitetini "İnformatika" ixtisası üzrə bakalavr dərəcəsi ilə, 2015-ci ildə isə həmin universiteti "İnformatika" ixtisası üzrə magistr dərəcəsi ilə bitirib, 2019-2023-cü illərdə Bakı Dövlət Universitetində "Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə)" ixtisasında fəlsəfə doktoru proqramı üzrə təhsil alıb.

S.Axundov əmək fəaliyyətinə 2009-cu ildə “Azəriqazbank” ASC-də Bank sistemləri şöbəsində mütəxəssis vəzifəsi ilə başlayıb, həmin bankda müxtəlif vəzifələrdə, o cümlədən Proqram təminatlarının və platformaların idarə edilməsi şöbəsinin müdiri vəzifəsində çalışıb. 2017-2019-cu illərdə “Amrahbank” ASC-də Məlumat bazası və proqramlaşdırma şöbəsinin rəisi vəzifəsində işləyib. 2019-2024-cü illərdə “ZiraatBank Azərbaycan” ASC-də İnformasiya texnologiyaları departamentinin direktoru olub.

2024-cü ilin mart-iyul aylarında Azərbaycan Respublikası Mərkəzi Bankında Sədrin ofisi departamentində məsləhətçi vəzifəsində işləyib. 2024-cü ilin iyul ayından 2026-cı ilin aprel ayınadək Mərkəzi Bankın İnformasiya texnologiyaları əməliyyatları departamentinin direktoru vəzifəsində çalışıb.