Azərbaycan Futzal Yüksək Liqasında həlledici anlara gəlib çatmışıq. Hesablamaların artıq kalkulyatorla deyil, az qala superkompüterlərlə aparıldığı bir final ərəfəsindəyik. Parketə iki əzəli rəqib çıxacaq. "Araz Naxçıvan" və "Neftçi". Bu qarşılaşma sadəcə çempionluq oyunu deyil, bütöv bir eranın davamı və ya sonu deməkdir.

"Unikal" Tsport.az-a istinadən xəbər verir ki, hazırda turnir cədvəlində komandalar arasında 3 xallıq fərq var. Mövcud ssenariyə əsasən, "Araz Naxçıvan" çempionluq titulunu qorumaq üçün finalda rəqibini minimum 3 top fərqi ilə məğlub etməlidir.

Bəs fərq cəmi 2 qol olarsa? Əsl dramatik məqam da burada başlayır.

Bu halda komandalar arasında həm xal, həm də şəxsi oyunların balansı bərabərləşə bilər. Belə ssenaridə çempionu müəyyənləşdirmək üçün ümumi qol fərqinə baxılacaq.

Məhz bu ehtimalı nəzərə alan "Neftçi", son turda "Şuşa" üzərində 28:0 hesablı tarixi qələbə qazandı. Bu nəticə “ağ-qaralar”a ciddi üstünlük verərək sözün əsl mənasında “təhlükəsizlik yastığı” təmin etdi.

İndi "Araz Naxçıvan"ın bu qol balansını bağlaması üçün növbəti turda "U-19" komandasına qarşı rəqibini ən azı 33 qol fərqi ilə üstələməsi lazımdır. Bu rəqəm hətta futzal kimi dinamik idman növü üçün belə, xüsusilə də çempionatın həlledici mərhələsində fantastik və utopik görünür.

Ortadakı reallıqları nəzərə alaraq final matçının taktiki gedişatını təxmin etmək olar. Azərbaycan futzalının sinoniminə çevrilmiş bir komanda hazırda təqibedici rolundadır. U-19 komandasına 33 qol vurmaq və enerji itkisini minimumda saxlamq lazımdır Daha sonra bütün fokus finaldakı o "3 qolluq qızıl fərq" üzərində qurulacaq. "Araz" ilk dəqiqələrdən aqressiv və yüksək tempdə hücum sərgiləməyə çalışacaq. Ön xətdə intensiv pressinq, sürətli top dövriyyəsi və riskli hücumlar onların əsas silahı olacaq.

"Ağ-qaralar" isə psixoloji cəhətdən nisbətən rahatdır. 28-0-lıq qələbə onlara finalda hətta 2 qol fərqi ilə uduzmaq lüksünü belə tanıyır. "Neftçi" çox güman ki, açıq oyundan qaçacaq, dərindən və kompakt müdafiə olunaraq, qol vurmaq məcburiyyətində olub irəli atılan "Araz Naxçıvan"ın arxada verəcəyi boşluqlardan sürətli əks-hücumlarla istifadə etməyə çalışacaq.

Bu final 19 illik hegemonluğun qorunması ilə yeni bir gücün yüksəlişi arasında gedən mübarizədir. Təcrübə və ənənə "Araz Naxçıvan"ın tərəfindədir, amma forma və statistik üstünlük "Neftçi"nin xeyrinədir.

Yüksək liga finalında bizi yalnız fiziki və texniki deyil, həm də yüksək psixoloji gərginliklə müşayiət olunan bir qarşılaşma gözləyir.

20-ci çempionluq, yoxsa yeni çempionun doğuşu?

Cavab parketdə veriləcək.