AFFA-nın İntizam Komitəsi aşağı yaş qrupları və qadınlar arasında keçirilən liqalarda baş tutmayan, həmçinin qayda pozuntuları qeydə alınan matçlarla bağlı 10 komandaya texniki məğlubiyyət verib.

"Unikal" xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul olunub.

U-13 Liqasında "İmişli" – "Sabirabad" oyunu qonaq komandanın təyin olunmuş vaxtda meydanda olmaması səbəbindən baş tutmadığı üçün "Sabirabad"a 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.

U-12 Liqasında "Məhsul" – "Şıxlı" matçının ikinci hissəsində qonaqların heyətində lisenziyası olmayan futbolçu aşkar edildiyinə görə "Şıxlı"ya 0:3 hesablı texniki məğlubiyyət verilib. Bundan başqa, bu liqada "Hünər" – "Ağstafa Gəncləri" (heyətdə yetərsay olmaması), "Şirvan" – "Sabirabad" (meydanda olmaması) və "Ramal" – "Ağdam" (heyətdə yetərsay olmaması) görüşləri baş tutmadığından müvafiq olaraq "Ağstafa Gəncləri", "Sabirabad" və "Ramal" komandaları 0:3 hesablı texniki məğlubiyyətlə üzləşib.

U-11 Liqasında "Biləsuvar Bələdiyyəsi" – "Biləsuvar", "Pambıqçı" – "Tərtər" və "Şamaxı" – "Çərəki" matçları müvafiq olaraq "Biləsuvar", "Pambıqçı" və "Çərəki" komandalarının heyətində yetərsay olmadığı üçün baş tutmayıb. Hər üç klub 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.

U-10 Liqasında SUHB – "Dinamo Caspian" oyunu meydan sahiblərinin təyin olunmuş vaxtda gəlməməsi səbəbindən baş tutmayıb. Bu səbəbdən "SUHB" komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-14 Qızlar Liqasında "Lider" – "Kür" oyunu meydan sahiblərinin təyin olunan vaxtda gəlməməsi səbəbindən keçirilməyib və "Lider" komandası 0:3 hesablı texniki məğlubiyyətlə üzləşib.