Bakıda həyat yoldaşını uşaqlarının gözü qarşısında boğaraq öldürməkdə təqsirləndirilən Ziyəddin Quliyevin cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.
“Unikal”ın məlumatına görə, Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Eldar Məmmədov ittiham nitqi ilə çıxış edib.
Prokuror məhkəməyə təqsirləndirilən şəxsin 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı etdikdən sonra Ziyəddin Quliyev son söz deyib.
Daha sonra məhkəmə hökmü elan edib.
Hökmə əsasən, Ziyəddin Quliyev 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2025-ci ilin aprelin 20-də paytaxtın Xətai rayonu Əhmədli qəsəbəsində baş verib.
Belə ki, Ziyəddin Quliyev 9 il rəsmi nikahda olduğu arvadı Aysel Qurbanovanın, 9 və 5 yaşlı övladları ilə kobud rəftar etməsini, dəfələrlə döyməsindən hiddətlənib. Eyni zamanda cinayət hadisəsindən təxminən bir həftə qabaq isə arvadının bıçağı qızdırıb qızının ayağına sıxaraq uşağa ikinci dərəcəli yanıq xəsarəti yetirməsini əsas gətirərək, Ziyəddin əvvəlcədən yatmış vəziyyətdə olduğu zaman arvadını boğaraq qəsdən öldürmak qərarına gəlib.
Ziyəddin 20 aprel 2025-ci il tarixdə, saat 06 rədalərində ailə üzvləri yatdıqları zaman yataqxananın ümumi mətbəxinə gedərək həmin mətbəxdə divardan asılmış uzunluğu 445 sm olan ağ rəngli elektrik naqilini əldə edib.
Ziyəddin iki nəfərlik çarpayıya çıxaraq, arvadı Aysel Qurbanovanın yuxuda olmasından istifadə edərək, naqili dördqat edib onun boğaz nahiyəsinə keçirib.
Daha sonra arvadını boğmağa başlayıb.
Aysel Qurbanova yuxudan oyanaraq əlləri ilə naqili tutmaqla müqavimat göstərməyə çalışsa da, bunu bacarmayıb.
Belə ki, o, dizini Ayselin belinə qoyaraq naqili daha qüvvətlə sıxanda, Aysel Qurbanova ayaqları ilə təpik ataraq pəncərənin şüşəsini sındırıb.
Bu zaman səs-küyə həmin otaqda digər, iki mərtəbəli çarpayıda yatmış vəziyyətdə olan uşaqlar yuxudan oyanıb.
Uşaqlar nə baş verdiyini soruşanda, ata qızına analarının xəstələndiyini deyib öz hərəkətinə davam edib. Ziyəddin övladlarının gözü qarşısında arvadını naqillə boğaraq xüsusi amansızlıqla öldürüb.
Bununla da, Ziyəddin Quliyevə qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.
Orxan Rasifoğlu
