Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin 17-ci mikrorayonunda sakinlərlə növbəti səyyar qəbul keçirib. Açıq dialoq şəraitində təşkil olunan görüşün əsas məqsədi vətəndaşların gündəlik qayğı və problemlərini yerində dinləmək, onların müraciətlərinə çevik və məqsədyönlü yanaşmanı təmin etməkdən ibarət olub.
"Unikal" xəbər verir ki, görüş zamanı sakinlər tərəfindən qaldırılan məsələlər müxtəlif istiqamətləri – kommunal xidmətlər, məşğulluq imkanları, sosial təminat, abadlıq və digər sahələri əhatə edib. Səsləndirilən müraciətlər diqqətlə qeydə alınıb, bir sıra məsələlərin operativ həlli üçün aidiyyəti qurumlara konkret göstərişlər verilib.
Səyyar qəbulda şəhər icra hakimiyyətinin struktur bölmələrinin əməkdaşları ilə yanaşı, müvafiq xidmət təşkilatlarının nümayəndələri də iştirak ediblər.
Qeyd olunub ki, vətəndaş məmnunluğunun təmin olunması şəhər rəhbərliyinin fəaliyyətində əsas prioritetlərdən biridir. Bildirilib ki, keçirilən bu cür görüşlər əhalinin problemlərinin operativ şəkildə həllinə, eyni zamanda yerli icra strukturları ilə sakinlər arasında qarşılıqlı etimadın gücləndirilməsinə xidmət edir.
Qəbul zamanı bəzi müraciətlər üzrə dərhal tədbirlər görülməsi üçün tapşırıqlar verilib, əlavə araşdırma tələb edən məsələlər isə nəzarətə götürülərək icra vəziyyətinin mütəmadi izlənəcəyi vurğulanıb.
Məlumat üçün bildirək ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunan səyyar qəbul-görüşlər davamlı xarakter daşıyır və bu təşəbbüs vətəndaşların rifahının yaxşılaşdırılmasına xidmət edir.
