Fiziki aktivlik gündəlik həyatımızda skelet əzələlərinin iştirakı ilə həyata keçirilən, ürək-damar və tənəffüs sistemlərinin fəaliyyətini gücləndirən və enerji sərfi ilə müşayiət olunan hərəkətlərdir. Onun həm fiziki sağlamlıq, həm də emosional durum üçün böyük əhəmiyyəti var. Fiziki aktivlik ürək-damar sisteminin işini tənzimləyir, damarlarda durğunluğu azaldır, tənəffüs funksiyalarını və qan dövranını yaxşılaşdırır, infarkt, insult və yüksək təzyiq riskini azaldır. Eyni zamanda, əzələ və sümük sistemini möhkəmləndirir, yaşla əlaqədar yaranan sümük-qığırdaq deformasiyalarının qarşısını alır, maddələr mübadiləsini stimullaşdırır, immuniteti gücləndirir. Həzm və ifrazat sistemlərinə müsbət təsir edərək, piylənmənin qarşısını alır. Bununla yanaşı, diqqət və yaddaşı gücləndirir, stres və narahatlığı azaldır, depressiya riskini aşağı salır və ümumi əhvali-ruhiyyəni yaxşılaşdırır.
"Unikal" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun fizioterapevti Fidan Piriyeva bildirib.
Nevroloji xəstəliklərdə fiziki reabilitasiyanın məqsədindən danışan mütəxəssis qeyd edib ki, nevroloji xəstəliklərdən sonra insanlarda müxtəlif funksiyaların itməsi müşahidə oluna bilər: “Bu zaman reabilitasiya tədbirləri həmin funksiyaların bərpasına yönəldilir. Fiziki reabilitasiya hərəkət, balans, koordinasiya, nitq, udma, yeriş və müvazinətin bərpasına, əzələ tonusunun normallaşdırılmasına, deformasiyaların qarşısının alınmasına və ağrının azaldılmasına xidmət edir. Məqsəd sinir sistemi zədələnməsi nəticəsində yaranan funksional pozğunluqları azaltmaq və xəstənin mümkün qədər müstəqil həyat sürməsinə kömək etməkdir.Bu reabilitasiya insult, beyin və onurğa beyni zədələri, Parkinson xəstəliyi, uşaq serebral iflici və periferik sinir zədələri zamanı geniş tətbiq olunur. Xüsusi məşqlər vasitəsilə əzələlərin gücü artırılır, hərəkət amplitudası bərpa edilir və xəstənin gündəlik fəaliyyətləri yenidən yerinə yetirməsi təmin olunur. Eyni zamanda, balans və koordinasiya məşqləri yıxılma riskini azaldır. Reabilitasiya yalnız fiziki deyil, psixoloji baxımdan da faydalıdır, motivasiyanı artırır və depressiya riskini azaldır”.
Fizioterapevt reabilitasiyadan istifadə olunmayan xəstələrdən də danışıb. Qeyd edib ki, bəzi hallarda reabilitasiya qəti əks göstərişdir: “Bunlara kəskin iltihabi və infeksion xəstəliklər, yüksək hərarət, irinli proseslər, travmaların erkən mərhələləri, yeni sınıqlar, bağ və vətər qopmaları, kəskin ürək çatışmazlığı, yeni baş vermiş miokard infarktı, ağır aritmiyalar, arterial təzyiqin kəskin dəyişməsi, qanda şəkərin kəskin artması, beyin qan dövranının kəskin pozulması, qanaxmalar, tromboz və tromboemboliya riskləri, tənəffüs çatışmazlığı və psixi xəstəliklərin kəskinləşmə dövrü daxildir. Bu hallarda qərarı mütləq fizioterapevt və reabilitoloq verməlidir”, - deyə o vurğulayıb.
Fidan Piriyevanın sözlərinə görə, ev şəraitində də fiziki aktiv olmaq mümkündür: “İdman zalına getmədən də aktiv qalmaq olar. Aktiv məişət fəaliyyəti ilə yanaşı, evdə yoqa, pilates, nəfəs məşqləri, yüngül fiziki hərəkətlər və rəqs kimi fəaliyyətlər həyata keçirilə bilər. Əsas şərt məşqlərin düzgün və davamlı şəkildə yerinə yetirilməsidir”.
