Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşı dünyasını dəyişib.

"Unikal"ın məlumatına görə, 2004-cü il təvəllüdlü Orxan Məhərrəmov bir neçə gün komada qaldıqdan sonra vəfat edib.

O.Məhərrəmovun xaricdə təlimdə olarkən həyatını itirdiyi bildirilir.

***

Kamboca Krallığında keçirilən humanitar minatəmizləmə fəaliyyətinə dair beynəlxalq təlimlərdə iştirak edən ANAMA-nın minaaxtaran it bələdçilərindən biri Orxan Məhərrəmov səhhətində yaranan kəskin problemlə əlaqədar cari ilin 14 yanvar tarixində həmin ölkədə xəstəxanaya yerləşdirilib.

Bu barədə "Unikal"a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən verilən məlumatda bildirilib. Bildirilib ki, o, 18 yanvar tarixində Malayziyadakı ixtisaslaşmış xəstəxanaya təxliyə edilib.

"Həkimlərin səylərinə baxmayaraq əməkdaşın həyatını xilas etmək mümkün olmayıb və 25 yanvar tarixində vəfat edib. Məsələ ilə bağlı bir neçə gün öncə Malayziyaya ezam olunan ANAMA əməkdaşları Orxan Məhərrəmovun nəşinin ölkəmizə gətirilməsi üçün Malayziyadakı Səfirliyimizin dəstəyi və sözügedən təlimlərin təşkilatçıları ilə koordinasiya etməklə müvafiq tədbirlər həyata keçirirlər", - deyə məlumatda vurğulanıb.

Anar Kəlbiyev