Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı Elmi-Tədqiqat Kardiologiya İnstitutunda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirib.
"Unikal" xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra akademik Zərifə Əliyevanın həyat və fəaliyyətini əks etdirən video-çarx izlənilib.
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova giriş nitqi ilə çıxış edərək akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminin inkişafındakı müstəsna xidmətlərindən, oftalmologiya sahəsində əldə etdiyi nailiyyətlərdən və onun zəngin mənəvi irsindən geniş bəhs edib. Qeyd edib ki, Zərifə Əliyeva öz yüksək peşəkarlığı, insanpərvərliyi və ziyalılığı ilə Azərbaycan qadınının ən parlaq simalarından biri kimi tarixdə xüsusi yer tutur.
YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev bildirib ki, Zərifə Əliyevanın elmi fəaliyyəti yalnız ölkə daxilində deyil, beynəlxalq miqyasda da yüksək qiymətləndirilmiş, onun tədqiqatları oftalmologiya elminin inkişafına mühüm töhfələr verib. Vurğulayıb ki, Azərbaycan dövlətinin qadın siyasəti Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi prinsiplər əsasında formalaşmış və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti isə qadınların cəmiyyət həyatındakı rolunun daha da gücləndirilməsinə xidmət edir.
Tədbir çərçivəsində İnstitutun həkim kardioloqu, ƏPT sədri Sultan Şahhüseynov və digər çıxış edənlər akademik Zərifə Əliyevanın həyat və fəaliyyətindən danışıb, onun xatirəsini dərin ehtiramla yad ediblər.
