Pirallahı Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə Rayon İcra Hakimiyyətinin inzibati binasında Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 103 illiyinə həsr olunmuş "Nurlu baxışların müəllifi" mövzusunda tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin, görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Zərifə xanım Əliyevanın nurlu həyat yoluna həsr olunmuş video-çarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov bildirib ki, akademik Zərifə xanım Əliyevanın həyat yolu hər birimiz üçün nümunədir. Onun elmə sədaqəti, insanlara göstərdiyi qayğı və xeyirxah fəaliyyəti Azərbaycanın səhiyyə sisteminin inkişafında əvəzsiz rol oynayıb. Zərifə xanımın yaratdığı elmi məktəb bu gün də tələbələr və həkimlər tərəfindən uğurla davam etdirilir, onun idealları və fədakarlığı gələcək nəsillər üçün örnək təşkil edir. RİH başçısı onu da vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev həmişə Zərifə xanımın peşəkarlığını və insanlıq keyfiyyətlərini yüksək qiymətləndirib, onun elmi fəaliyyətini və xeyirxah işlərini xüsusi vurğulayıb. Eyni zamanda, Zərifə xanım yüksək humanist dəyərlərlə övladlarını tərbiyə edərək, onların xalq qarşısında məsuliyyətini formalaşdırıb. Onun böyüdüb, boya başa çatdırdığı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün çoxşaxəli fəaliyyəti ilə həm ölkəmizin daxili inkişafına, həm də beynəlxalq arenada Azərbaycanın mövqeyinin möhkəmləndirilməsinə xidmət edir. Prezidentimizin ardıcıl və düşünülmüş siyasəti Cənubi Qafqazda sabitliyin qorunmasına və sülhün təşviqinə böyük töhfə verir. Bu siyasətin nəticəsi olaraq İlham Əliyev yaxın günlərdə daha bir ali mükafatla, “Sülh və Barışıq üçün Gernika mükafatı” ilə təltif edilmişdir ki, bu da Azərbaycanın sülh təşəbbüslərinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin bariz nümunəsidir. Azərbaycanın əldə etdiyi bu uğurlar xalqımızın milli birliyini və dövlətimizin gücünü daha da möhkəmləndirir.

Daha sonra çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov qeyd edib ki, Zərifə Əliyeva Azərbaycan cəmiyyətində yalnız görkəmli alim kimi deyil, eyni zamanda yüksək ictimai məsuliyyətə malik ziyalı və fəal ictimai xadim kimi dərin və silinməz iz qoymuşdur. Onun elmi fəaliyyəti xüsusilə oftalmologiya sahəsində fundamental tədqiqatlarla zəngin olmuş, bu istiqamətdə əldə etdiyi nailiyyətlər milli səhiyyə sisteminin inkişafına mühüm töhfələr vermişdir. Vurğulanıb ki, Zərifə xanımın səhiyyə sahəsində irəli sürdüyü innovativ təşəbbüslər, profilaktik tibbin təşviqi, əhalinin sağlamlığının qorunmasına yönəlmiş konseptual yanaşmalar bu gün də öz aktuallığını qoruyur və müasir səhiyyə siyasətində tətbiq olunan prioritet istiqamətlərdən biri kimi çıxış edir. Onun fəaliyyəti tibbi etika, sosial məsuliyyət, humanizm prinsipləri və pasiyent yönümlü xidmət modelinə əsaslanaraq formalaşmışdır.  Natiq öz çıxışı zamanı qeyd edib ki, Zərifə Əliyevanın ictimai fəaliyyəti yalnız səhiyyə sahəsi ilə məhdudlaşmayaraq, cəmiyyətin sosial rifahının yüksəldilməsi, milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi kimi strateji istiqamətləri də əhatə etmişdir. Onun həyat və fəaliyyəti müasir Azərbaycan qadınının intellektual potensialının, yüksək mənəviyyatının və vətəndaş mövqeyinin bariz nümunəsi kimi dəyərləndirilir. Zərifə Əliyevanın zəngin elmi və mənəvi irsi bu gün də Azərbaycan cəmiyyətində böyük ehtiramla yad olunur, sistemli şəkildə tədqiq edilir və gələcək nəsillərə ötürülür. Bu irs milli kimliyin, elmi-intellektual inkişafın və sosial-humanitar dəyərlərin formalaşmasında mühüm rol oynayan strateji resurs kimi qiymətləndirilir.

Tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Zülfiyyə Məmmədhüseynova, “Pirallahı Tibb Mərkəzi” PHŞ-nin direktor müavini Fəranə Gözəlova və həkim-oftalmoloq Sevinc Camıyeva öz çıxışlarında Zərifə Əliyevanın çoxşaxəli fəaliyyətini müxtəlif aspektlərdən yüksək qiymətləndirmişlər. Qeyd olunub ki, Zərifə Əliyeva Azərbaycan oftalmologiya elminin inkişafında müstəsna rol oynamış, apardığı fundamental və tətbiqi tədqiqatlarla bu sahənin elmi-nəzəri bazasını formalaşdırmışdır. Onun iridodiaqnostika, lakrimologiya kimi mühüm istiqamətləri klinik praktikaya tətbiq etməsi, eləcə də traxoma və peşə xəstəlikləri ilə mübarizədə əldə etdiyi nəticələr milli səhiyyənin inkişafına ciddi töhfələr vermişdir. Vurğulanıb ki, alimin elmi əsərləri bu gün də müasir tibbi praktikada aktual elmi mənbə kimi istifadə olunur və gənc mütəxəssislər üçün metodoloji əsas rolunu oynayır. Eyni zamanda bildirilib ki, Zərifə Əliyevanın fəaliyyəti yalnız elmi nailiyyətlərlə məhdudlaşmamış, onun həkim etikası, humanizm prinsipləri və pasiyentə yönəlik yanaşması bu gün də səhiyyə sistemində əsas dəyərlərdən biri kimi qəbul edilir. Onun həyat yolu yüksək mənəvi keyfiyyətlərin, sosial məsuliyyətin və milli-mənəvi dəyərlərə bağlılığın parlaq nümunəsi kimi dəyərləndirilmişdir. Çıxışlarda həmçinin Zərifə Əliyevanın ailə dəyərlərinə sadiqliyi, nümunəvi ana və həyat yoldaşı kimi formalaşdırdığı sağlam mənəvi mühit xüsusi vurğulanmış, onun Heydər Əliyev ilə birgə keçdiyi həyat yolunun milli dövlətçilik tarixində mühüm yer tutduğu qeyd edilmişdir. Sonda diqqətə çatdırılıb ki, Zərifə Əliyevanın zəngin elmi və mənəvi irsi bu gün də böyük ehtiramla yaşadılır, onun ideyaları və dəyərləri müasir dövrdə də davam etdirilir. Bu irsin Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilməsi, humanitar sahələrin inkişafı, milli-mənəvi dəyərlərin qorunması və Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanmışdır.