Sumqayıt Tibb Mərkəzinin (STM) təşkilatçılığı və YAP Sumqayıt şəhər təşkilatının dəstəyi ilə akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunan “Nur saçan ömür yolu” adlı elmi-praktik konfrans keçirilib.
"Unikal" xəbər verir ki, konfransda STM-nin direktoru Elnur Azadxanov, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Müzəffərova, Sumqayıt Şəhər İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Gündüz Əliyev və YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov iştirak ediblər.
Həkimlərin qatıldığı konfransda əvvəlcə Ümummilli lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Akademik Zərifə Əliyevanın həyat və elmi fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Konfransı giriş sözü ilə açan STM-nin direktoru Elnur Azadxanov akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminin inkişafındakı əvəzsiz xidmətlərindən danışıb. O bildirib ki, görkəmli alim yalnız oftalmologiya sahəsində deyil, bütövlükdə səhiyyə sistemində humanist dəyərlərin formalaşmasına mühüm töhfələr verib. Eyni zamanda o, Sumqayıtda səhiyyə infrastrukturunun müasirləşdirilməsi, müasir tibbi xidmətlərin genişləndirilməsi və yeni Göz Mərkəzinin fəaliyyətə başlamasının əhəmiyyətini xüsusi vurğulayıb.
Sonra 2 nömrəli Şəhər Xəstəxanasının Göz Mərkəzinin rəhbəri Leyla Qəhrəmanova “Azərbaycan oftalmologiya məktəbinin inkişafında akademik irsi”, həmin xəstəxananın oftalmoloq-cərrahı Rövşən Rəcəbli “Müasir cərrahi oftalmologiyada tətbiq olunan elmi metodlar”, həkim-oftalmoloq Lalə Rəhimli “Görmə orqanının mühafizəsi və peşə xəstəliklərinin profilaktikası” və uzman oftalmoloq-cərrah Rəsul Dadayev isə “Gözün mikro-cərrahiyyəsində müasir yanaşmalar və beynəlxalq təcrübə” mövzularında çıxış ediblər.
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Müzəffərova isə çıxışında akademik Zərifə Əliyevanın Azərbaycan elminə və səhiyyəsinə verdiyi töhfələrin əvəzsiz olduğunu vurğulayıb.
Konfrans qarşılıqlı fikir mübadiləsi ilə yekunlaşıb.
