Zəngəzur Milli Parkında Azərbaycanın "Qırmızı kitab"ına daxil edilən saqqallı kərkəsin (quzugötürən) nadir görüntüləri qeydə alınıb.
"Unikal" xəbər verir ki, sıldırım qayalıq ərazilərdə yaşayan bu canlını fotoqraf Saleh Baxşıyev videolentə alıb. O, saqqallı kərkəsin videosunu çəkə bilmək üçün üç gün Zəngəzur Milli Parkındakı mağarada gecələdiyini bildirib.
Qeyd edək ki, uzunluğu 95-125 santimetr arasında dəyişən quşun qanadları açılan zaman 3 metrə qədər çata bilir. Çəkisi isə 4,5-7,5 kiloqram arasında dəyişir. Sıldırım qayalarda yuva qurur, yumurtlama dövrü qışın əvvəlində olur. Özünəməxsusluğuna görə Azərbaycanın ən qiymətli yırtıcı quşlarından biri sayılır, ovlanması qadağandır. Zaqatala və İlisu Dövlət Təbiət Qoruqlarında, Şahdağ, Zəngəzur və Göygöl Milli parklarında nəzarət altında saxlanılır.
Sözügedən görüntüləri təqdim edirik:
