ABŞ Dövlət Katibi Marko Rubio, Prezidentin Xüsusi Elçisi Stiven Uitkoff və ABŞ prezidentinin kürəkəni Cared Kuşner ilə Ukrayna nümayəndə heyəti arasında görüş başlayıb.
"Unikal" xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 18:00-da başlayıb.
Daha əvvəl Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov Ukrayna nümayəndə heyətinin danışıqlar üçün ABŞ-yə getdiyini açıqlamışdı. O, ləyaqətli sülhə nail olmaq üçün addımların müzakirə olunacağını bildirmişdi.
"Milli Təhlükəsizlik Şurasının katibi Rüstəm Umerov başda olmaqla Ukrayna nümayəndə heyəti artıq Uitkova məxsus eksklüziv Şell Bay Qolf Klubunda keçiriləcək görüşdən əvvəl Mayamidədir. Nümayəndə heyətinə həmçinin xarici işlər nazirinin müavini Sergey Kıslıtsya, Ukraynanın ABŞ-dakı səfiri Olqa Stefanişina, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Andrey Hnatov və Ukrayna kəşfiyyat xidmətlərinin nümayəndələri daxildir", - Ukrayna rəsmiləri bildiriblər. "Amerika tərəfini Dövlət Katibi Marko Rubio, Stiv Uitkoff və Cared Kuşner təmsil edir", - deyə "Axios" nəşri yazıb.
Nəşr qeyd edir ki, ABŞ bu gün Ukrayna ilə bütün ərazi mübahisələrini həll etmək istəyir ki, planı çərşənbə axşamı Moskvada Rusiya prezidentinə təqdim edə bilsin.
