Hələ neçə qərinələr əvvəldən deyərdilər ki, Şuşaya kim nəzarət edirsə, Qarabağ da onundur. Bəlkə də işğal dönəmində məhz buna görə Şuşanın azad olunmasını hər şeydən çox istəyirdim. Əslində, buna əmim Pünhan Həsənquliyevin Şuşadan doya-doya danışmaqları da təsir edib. Hər dəfə oraları xatırlayanda gözləri yol çəkir, dərindən köks ötürürdü...
Şuşaya bu dəfəki səfərimin məqsədi əmimi 40 il əvvəlki tələbəlik illərinə qaytarmaq idi. O, Şuşadakı Mədəni-Maarif Texnikumunu bitirdikdən sonra, müəlliminin təkidi ilə sənədlərini Xankəndidəki universitetə vermişdi. Tarix fakültəsinə qəbul olaraq bir il burada oxuyub.
Əmim sonuncu dəfə Şuşadan qayıdanda, Xankəndinin çıxışındakı erməni postunda maşını əlindən alınıb. O, bundan sonra bir daha Qarabağa qayıda bilməyib. Oraya yalnız 44 günlük Vətən müharibəsindən 5 il sonra qayıtmaq mümkün oldu. Özü də həmin yolla.
Əmim Şuşada oxuduğu illərdə (1983-1986) Süleyman Sani Axundovun yaşadığı evdə kirayə qalırmış. Onun həmin evə xüsusi qayğısını görən ev sahibi aldığı 20 manat kirayə pulunu da sonradan ona geri qaytarmışdı.

İsa bulağı, Cıdır düzü, Şuşa qalası, Bülbülün ev muzeyini gəzərkən Yuxarı Gövhər ağa məscidindən azan səsi ucaldı. Əmim zöhr namazını qıldıqdan sonra, kirayə qaldığı evi axtarmağa getdi. Həmin məhəlləni görən kimi tanıdı. Onun oxuduğu texnikumun yerində indi peşə məktəbi inşa olunur. Evin isə yalnız qalıqlarını görə bildik. Bu mənzərəni görmək onun üçün çox çətin idi, üç illik xatirələri bu evlə bərabər yıxılmışdı. Bir müddət gözlərini onun yanındakı evdən çıxan tüstüyə zillədi. Sanki keçmişi də o tüstü ilə bərabər ərşə qalxırdı. Buna rəğmən onun gözlərindəki işıltı və sevinc aydın görünürdü. Nəticədə, yorulmadan danışdığı Şuşanı görmüşdü.
Vaqifin məqbərəsi önündə əmimin 40 il əvvəlki fotosunu təkrarladıq. Həmin foto onun Şuşadakı tələbəlik illəri albomunun ilk səhifəsində idi..
Cıdır düzündəki qayaların üzərində savaşın amansız izləri hələ də qalır. O izləri hər dəfə yağış yuyub, gün qurudur, lakin silinmir, görən kimi tarix və xatirələr yenidən canlanır.

2019-cu il idi. Qarabağla bağlı “Biz qayıdacağıq” adlı əsərimi səhnələşdirdim. Ondan düz bir il sonra biz qayıtdıq. Müzəffər ordumuz sıldırımlardan aşıb "Pənah yeri"nə çatmışdı. Bununla da mənim ən böyük arzum gerçəkləşdi.
Əslində, ölkə liderinin "Şuşasız bizim işimiz yarımçıq qalar" sözlərinə görə ürəyimi buz kimi saxlayırdım. Əmin idim ki, Şuşamızın üstündən qara buludlar çəkiləcək. Həm də 44 günlük müharibədə iştirak edən əmim oğlunun "bizi yuxarı aparırlar" deməsindən başa düşdüm ki, artıq bizim olan bizə qayıdır.
Elə Zəfər gününün gecəsi Şuşa ilə bağlı bu şeiri yazdım:
Qəlbimizin əyilməz vüqarısan,
Qarabağın köməyisən, ay Şuşa!
Ölkəmizin şöhrətisən, şanısan
Sən Vətənin gərəyisən, ay Şuşa!
Bu millətin ürəyisən, ay Şuşa...
Sən, ey gözəl, yoxdur sənin bənzərin,
Cıdır düzün, bulaqların, bəylərin…
Səndə vardır gözəlliyi göylərin
Bu cənnətin mələyisən, ay Şuşa...
Dağ başından nazlı nigar boylanır,
Düşmənlərin sinələri dağlanır.
Qəlbim sənin eşqin ilə odlanır
Sən hər kəsin diləyisən, ay Şuşa...
Qanmadın düşmənin fitnə-fəndinə,
Boylanıb baxırsan Xanın kəndinə…
Elə bu sözləri yazmışdım ki, əmim oğlunun Şuşakənddə şəhid olması xəbərini aldım. Vətən sevdası zamanla yaralarımızı bağladı. Yarımçıq qalan "Şuşa" şeirimi isə sonralar tamamlamadım. Bu gün yenidən qurulan Qarabağda bir sıra tikililər erməni vandallığını göstərmək üçün olduğu kimi saxlanılır. Mən də bu şeirimi bərpa etməyib, olduğu kimi saxlayacağam. Qoy erməni separatçıların etdiklərinə tarixlə bərabər ədəbiyyat da şahidlik etsin!

Türk dünyasının mədəniyyət paytaxtı, Azərbaycanın "kiçik Paris"i adlandırılan Şuşa şəhəri təkcə memarlıq gözəllikləri və musiqi ənənələri ilə deyil, həm də zəngin ədəbi irsi ilə xalqımızın qürur mənbəyidir.
Burada hər addımda ağrıdan doğan qürur və əzəmət sezilir. Hələ Cıdır düzündən baxanda Xankəndidə tikilən Zəfər tağı buludlara qədər ucalır. Hər məhəllə yenidən qurulur, tarixi abidələr bərpa edilir, Qarabağ külündən közərərək yenidən canlanır, biz isə Vətənə geri qayıdırıq!
Ağarza Elçinoğlu
