Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında aparılan danışıqlarda yekun razılaşmanın əldə olunması üçün əsas şərtin müharibənin tam dayandırılması olduğu bildirilib.

"Unikal" xəbər verir ki, bu barədə İranın dövlət agentliyi IRNA məqalə yayıb.

Məqalədə qeyd olunub ki, Tehran Pakistan vasitəsilə Vaşinqtonun rəsmi cavabını gözləyir və eyni zamanda mümkün bütün ssenarilərə hazır vəziyyətdədir.

Bildirilir ki, ilkin mərhələdə tərəflər arasında yazılı memorandum imzalanması nəzərdə tutulur. Həmin sənəddə yekun saziş üçün əsas prinsiplər, qarşılıqlı gözləntilər və şərtlər öz əksini tapacaq.

IRNA-nın məlumatına əsasən, memorandum imzalandıqdan sonra 30 günlük müddətdə yekun razılaşmanın texniki detalları müzakirə olunacaq. Zərurət yaranarsa, bu müddət uzadıla bilər.

Agentlik vurğulayıb ki, ilkin razılaşmada əsas diqqət regionda bütün cəbhələr üzrə hərbi əməliyyatların dayandırılmasına, beynəlxalq su yollarında təhlükəsizliyin təmin edilməsinə və İranın cənub sularında ticarət gəmilərinin maneəsiz hərəkətinə yönələcək.

Bununla yanaşı, tərəflər arasında etimadın artırılması məqsədilə əlavə öhdəliklərin də qəbul edilə biləcəyi qeyd olunub.

Məqalədə həmçinin bildirilib ki, hazırkı mərhələdə İranın nüvə proqramı ilə bağlı heç bir təklif və ya danışıqlar gündəmdə deyil. Tehran hesab edir ki, müharibənin dayandırılması məsələsi nüvə dosyesi ilə əlaqələndirilməməlidir.

Sonda vurğulanıb ki, tərəflərin bir-birinə təqdim etdiyi təkliflər mövqelərin yaxınlaşdığını göstərir və sənədlərdə əsasən mətn üzərində düzəlişlər aparılır.