Emmanuel Makron Hörmüz boğazına Fransa və Böyük Britaniyanın hərbiçilərinin yerləşdirilməsi ilə bağlı yayılan məlumatları təkzib edib.
"Unikal" xəbər verir ki, Fransa Prezidenti bu barədə Keniya Prezidenti William Ruto ilə keçirdiyi birgə mətbuat konfransında danışıb. Makron bildirib ki, “heç vaxt Fransa və ya Fransa-Britaniya hərbi yerləşdirməsi məsələsi gündəmdə olmayıb”.
Fransa lideri qeyd edib ki, bir neçə gün əvvəl “Şarl de Qoll” aviadaşıyıcı qrupunun, onu müşayiət edən freqatların və digər hərbi qüvvələrin Bab əl-Məndəb boğazı istiqamətinə yönləndirilməsi barədə qərar qəbul edib.
Onun sözlərinə görə, Fransa qüvvələri Şərqi Aralıq dənizindən bölgəyə yaxın mövqeyə keçirilsə də, bu, hərbi müdaxilə anlamına gəlmir.
“Biz hazırıq, amma söhbət heç vaxt hərbi yerləşdirmədən getməyib”, – deyə Makron vurğulayıb.
Fransa Prezidenti ölkəsinin əsas məqsədinin dəniz nəqliyyatının azadlığını qorumaq olduğunu bildirib: “Bizim məqsədimiz gəmiçilik azadlığını təmin etmək, istənilən blokadanın qarşısını almaq və dəniz ticarətinin maneəsiz davamına nail olmaqdır.”
Makron əlavə edib ki, Hörmüz boğazındakı gərginlikdən xüsusilə Afrika ölkələri ciddi zərər görür: “Bu gün bütün Afrika qitəsi aylardır davam edən Hörmüz blokadasının nəticələrindən əziyyət çəkir.”
O, bildirib ki, Paris heç vaxt Hörmüz boğazını hərbi yolla açmaq variantını nəzərdən keçirməyib.
Makronun sözlərinə görə, Fransa və Böyük Britaniyanın birgə təşəbbüsü ilə yaradılan xüsusi çoxtərəfli missiya 50 ölkə və beynəlxalq təşkilatı bir araya gətirib. Məqsəd İran, region ölkələri və ABŞ ilə koordinasiya şəraitində təhlükəsiz şəkildə dəniz nəqliyyatının bərpasına nail olmaqdır.
Qeyd edib ki, bu təşəbbüs ərzaq, gübrə, qaz, neft və digər yüklərin təhlükəsiz daşınmasını təmin etməyə yönəlib.
Bu açıqlama İran xarici işlər nazirinin müavini Kazım Qəribabadinin Fransa və Britaniya hərbi gəmilərinin Hörmüz boğazında yerləşdirilməsi halında İran Silahlı Qüvvələrinin “qəti və dərhal cavab verəcəyi” barədə bəyanatından sonra verilib.
İran rəsmisi “Şarl de Qoll”un bölgəyə göndərilməsini və Böyük Britaniyanın Qırmızı dənizə hərbi gəmi yollamaq planını böhranın eskalasiyası və strateji su yolunun hərbiləşdirilməsi kimi qiymətləndirib.















































.jpg)






