Pakistan hökumətinə yaxın mənbələr bildiriblər ki, İslamabad ABŞ ilə İran arasında gərginliyin diplomatik yolla həlli üçün vasitəçilik səylərini davam etdirir və yaxın zamanda müharibənin yenidən başlaması ehtimalı yüksək qiymətləndirilmir.
“Unikal” Anadolu agentliyinə istinadən xəbər verir ki, mənbələr Vaşinqton və Tehranın münaqişəni danışıqlar yolu ilə həll etmək niyyətində olduqlarını vurğulayıblar. Bildirilib ki, Donald Tramp da qarşıdakı Çin səfərinin yeni hərbi qarşıdurma ilə kölgədə qalmasını istəmir.
Pakistanlı rəsmilər qeyd ediblər ki, tərəflər sərt bəyanatlar versələr də, arxa kanallar vasitəsilə təmaslar davam edir. Qətər və Misirin də İslamabadın vasitəçilik təşəbbüslərini dəstəklədiyi bildirilib.
Mənbələrin sözlərinə görə, İran uranın zənginləşdirilməsini beş il müddətinə dayandırmağa hazır olduğunu bəyan etsə də, ABŞ-nin 20 illik moratorium və yeraltı nüvə obyektlərinin sökülməsi tələblərini qəbul etmir. Tehran nüvə silahı hazırlamaq niyyətində olmadığını da vurğulayıb.
Bundan başqa, İran ABŞ-nin liman blokadasına son qoyacağı təqdirdə Hörmüz boğazını yenidən açmağa hazır olduğunu bildirib. Tehran həmçinin dondurulmuş vəsaitlərin azad edilməsini, sanksiyaların ləğvini və müharibə zərərlərinin ödənilməsini tələb edib.



















































.jpg)



