ABŞ Prezidenti Donald Tramp Kral III Çarlzın ABŞ-yə planlaşdırılan dövlət səfərinin təhlükəsizliklə bağlı yoxlamalara baxmayaraq gələn həftə baş tutacağını bildirib.
"Unikal" xəbər verir ki, dünən Vaşinqtonda Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyi zamanı baş verən silahlı hücum cəhdindən sonra səfərlə bağlı təhlükəsizlik tədbirləri yenidən nəzərdən keçirilir. “Buckingham” sarayı açıqlamasında qeyd edib ki, baş verən silahlı hadisənin səfərin əməliyyat planlamasına nə dərəcədə təsir edə biləcəyi müzakirə olunur.
“Fox News”a danışan Donald Tramp Kralın səfəri ilə bağlı nikbin olduğunu vurğulayıb: “O gəlir və biz əla vaxt keçirəcəyik”. Prezident əlavə edib ki, Kral III Çarlz çox yaxşı insan və ölkəsini ən yaxşı şəkildə təmsil edən şəxsdir.
Məlumata görə, Kral və Kraliça aprelin 27-də dördgünlük səfər çərçivəsində ABŞ-yə yola düşəcəklər. Kral Çarlz Prezidentlə ayrıca görüş keçirəcək və həmçinin ABŞ Konqresində çıxış edəcək. Səfərin ilk iki günü Vaşinqtonda keçiriləcək, daha sonra isə kral ailəsi Nyu-York, Virciniya və Bermudaya səfər edəcək.
