Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu gün İsmayıllı rayonuna səfər edib.
"Unikal" xəbər verir ki, səfər çərçivəsində o, İsmayıllı UADM binası ilə tanış olub, həmçinin Uşaq Səfirlər Məclisinin (USM) İsmayıllı rayonu üzrə nümayəndələri və rayon fəalları ilə görüşüb.
Görüş zamanı USM-in fəaliyyəti, həyata keçirilən layihələr və gələcək planlar barədə ətraflı məlumat təqdim olunub. İsmayıllı şəhər 2 nömrəli tam orta məktəbin X sinif şagirdi Ruhəngiz Qasımova, USM-in İsmayıllı rayonu üzrə nümayəndəsi kimi çıxış edərək görülən işlər və reallaşdırılan layihələr haqqında geniş təqdimatla çıxış edib. O bildirib ki, USM nümayəndələri üzvlərlə birlikdə mütəmadi olaraq İsmayıllı UADM binasında toplaşır, fikir mübadiləsi aparır, qarşıda duran vəzifələri müzakirə edir və yeni layihələr müəyyənləşdirirlər. Eyni zamanda, ay ərzində keçirilən tədbirlərə dair hesabatlar hazırlanaraq müvafiq qurumlara təqdim olunur.
Ruhəngiz Qasımova çıxışında gənclər üçün yaradılan şərait və imkanlara görə dövlətimizin başçısı İlham Əliyevə və ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevaya İsmayıllı gəncləri adından dərin minnətdarlığını bildirib.
Səfər çərçivəsində Leyla Əliyeva tərəfindən USM nümayəndələrinə və fəallara çantalar və dəyərli hədiyyələr təqdim olunub. Xüsusilə, Ruhəngiz Qasımovaya şəxsi aksesuar – qolbaq hədiyyə edilməsi tədbirin yaddaqalan anlarından biri olub.
