“Neftçi” ilə matçlar hər zaman maraqlı keçir.
"Unikal" xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXIX turunda “Neftçi”yə 5:1 hesabı ilə qalib gəldikləri oyunun mətbuat konfransında deyib. O bildirib ki, start heyətini müəyyənləşdirərkən futbolçuların hazırlıq səviyyəsi əsas götürülüb: “Sıx qrafikə görə heyətdə rotasiyalar etməli olduq. Oyunçularda yorğunluq var idi. Üç gün sonra yenidən matçımız olacaq, buna görə ehtiyatlı davrandıq”.
Mütəxəssis komandanın oyuna hazırlıq prosesinə də toxunub: “Hazırlığa çox vaxtımız olmadı, cəmi bir məşq keçdik. “Neftçi”yə qarşı oynayanda əlavə motivasiyaya ehtiyac olmur. Bu rəqiblə oyunlar həmişə maraqlı və baxımlı keçir”.
Qurban Qurbanov növbəti qarşılaşmanın daha çətin ola biləcəyini vurğulayıb: “Bu qələbə futbolçularda müəyyən rahatlıq yarada bilər. Növbəti oyuna hazırlaşmaq daha çətin olacaq”.
Qeyd edək ki, xallarını 59-a çatdıran “Qarabağ” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Neftçi” isə 44 xalla beşincidir.
