Rus müxalif lideri Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnıya onun ölümünün arxasında Kremlin dayandığını bildirib və Rusiya prezidenti Vladimir Putini məsuliyyətə cəlb olunmağa çağırıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Avropa ölkələrinin apardığı müstəqil araşdırmaya əsasən, Navalnının orqanizmində Ekvador qurbağalarından əldə edilən epibatidin adlı nadir və ölümcül neyrotoksin aşkar edildiyi açıqlanıb. Bu iddia müxalifət liderinin həbsdə olarkən zəhərlənərək öldürüldüyü barədə ehtimalları gücləndirib.

Xatırladaq ki,  Navalnı 16 fevral 2024-cü ildə Sibirdəki cəza koloniyalarından birində 47 yaşında vəfat edib. Rusiya rəsmiləri ilkin olaraq ölümün “təbii səbəblərdən” baş verdiyini bildirsələr də, Böyük Britaniya, Almaniya, İsveç, Fransa və Niderlandın birgə araşdırmasının nəticələrinə görə epibatidin maddəsi müəyyən edilib.

Məlumata görə, bu toksin Rusiyada təbii şəkildə mövcud deyil və yalnız Cənubi Amerikada yaşayan bəzi zəhərli qurbağaların dərisində rast gəlinir.

Yuliya Navalnıyanən yaydığı açıqlamada bildirib ki,  “İlk gündən etibarən həyat yoldaşımın zəhərləndiyinə əmin idim. İndi bunun sübutu var. Vladimir Putin qatildir və bütün cinayətlərinə görə cavab verməlidir”. O, eyni zamanda Avropa ölkələrinə apardıqları araşdırmaya görə təşəkkür edib.

Qeyd olunur ki, zəhərin necə və hansı şəraitdə verilməsi ilə bağlı detallı məlumat açıqlanmasa da, Qərb ölkələri Kremlin həm vasitə, həm motiv, həm də imkan baxımından məsuliyyət daşıya biləcəyini vurğulayıb. Məsələ Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatına (OPCW) də təqdim olunub.

Rusiya tərəfi isə bütün ittihamları rədd edir və ölümün “təbii səbəblərdən” baş verdiyini israrla bildirir.

Gülayə Mecid