Amerikalı sahibkar və milyarder Mark Cuban uğurunun yalnız zəhmət və dahiyanə ideyalarla deyil, qismən də şansla bağlı olduğunu açıq etiraf edən azsaylı milyarderlərdəndir. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, onun sözlərinə görə, nəhəng sərvət qazanmaqda uğur amili mühüm rol oynayır.

Mark Cuban bildirib ki, sıfırdan başlamaq lazım gəlsə, milyon dollar qazanmaq realdır, lakin milyarda çatmaq tamam başqa məsələdir - burada zaman, trendlər və şərait həlledici rol oynayır.

"Əgər hər şeyə sıfırdan başlasaydım, məni milyonçu edəcək şirkət qura bilərdimmi? Bəli, çünki satış etməyi bacarıram, texnologiyaları anlayıram və illər ərzində kifayət qədər bilik toplamışam. Amma milyard üçün xüsusi bir şey baş verməlidir", - deyə o, yerli mediaya açıqlamasında bildirib. 

Bununla belə, Cuben zəhmətin, məhsulun keyfiyyətinin və şəxsi təşəbbüsün rolunu kiçiltmədiyini vurğulayıb. Onun fikrincə, imkan yarandıqda uğur sizin məhsulunuzun gücündən və icrasından asılıdır.

"Fürsəti görməli, onu təsəvvür etməli, ən azı bir plan qurmalı və sonra bunu həyata keçirməlisən. Hər şeyi eyni vaxtda edib maliyyəyə çıxışın olmalıdır", - deyə o bildirib.

Sahibkar hesab edir ki, maliyyə azadlığı və rahat həyat əksər insanlar üçün əlçatandır. Bunun üçün isə şansdan çox ağıllı planlama, düzgün investisiyalar və intizam tələb olunur.

Gülayə Mecid