Azərbaycanda 2026–2027-ci tədris ilindən etibarən ümumtəhsil sahəsində yeni model tətbiq olunacaq.
"Unikal" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu İTV-də yayımlanan "Sabaha saxlamayaq” verilişində danışıb.
"Şagird komplekti az olan məktəblərdə keyfiyyətin aşağı olması bir neçə rakursdan öyrənilib. Şagird sayı az olan məktəblərimizdə bir çox hallarda xeyli fəndən müəllimlərimiz çatışmır və 2-3 il dalbadal şagirdlərimiz hər hansı fənni öyrənə bilmirlər. Bu, ciddi bir siqnaldır. Təsəvvür edin, bütöv bir sinif kimya fənnini öyrənə bilmir, çünki həmin məktəbdə kimya müəllimi yoxdur. Bunun da səbəbi odur ki, şagird sayı az olan məktəblərdə dərs sayı az olur və müəllimin maaşı dərs saatı əsasında formalaşır. Bütün bu məsələlər müzakirə olundu. Bu gün texnologiyanın verdiyi imkanlar bizi bu fikrə gətirdi ki, ilk vaxtlar hibrid formada bunu edək. Bu təcrübə bir çox ölkələrdə var", - qurum rəhbəri döyləyib.
V.Yaqublu qeyd edib ki, söhbət məktəblərin tamamilə ləğv olunmasından getmir. Çatmayan fənn dərsləri distant tədris oluna bilər.
Bu məqsədlə müəyyən təhsil müəssisələri "mərkəz məktəb" statusu alacaq. Həmin məktəblərdə distant dərslərin keyfiyyətli təşkili üçün xüsusi texniki infrastruktur yaradılacaq, müasir avadanlıqla təchiz edilmiş otaqlar ayrılacaq və müəllimlər üçün ayrıca otaqlar fəaliyyət göstərəcək. Şagirdlər isə kompüter və digər zəruri texniki vasitələrlə təmin ediləcək.
Şagirdlər öz məktəblərini tərk etmədən, mərkəz məktəbdə keçirilən dərslərə distant şəkildə qoşularaq tədris prosesində iştirak edəcəklər. Bu modelin tətbiqi regionlarda müəllim çatışmazlığının aradan qaldırılması və təhsilin keyfiyyətinin bərabərləşdirilməsi məqsədi daşıyır.
Direktor müavini həmçinin əlavə edib ki, şagird sayı az olan məktəblərin sayı ölkədaxili miqrasiyadan asılı olaraq dəyişir:
"Şagirdlər də valideynləri ilə birlikdə köç edirlər. İndi Qarabağa köç prosesi baş verir, oradakı məktəblərimiz genişlənir. Məsələn, Xankəndi məktəbi bizə artıq dar gəlir deyə bilərik. Çünki orada kifayət qədər çox uşaq oxuyur. Digər məktəblər isə boşalır, belə bir tendensiya gedir...”.
Eyni zamanda, şagird sayı çox az olan və fəaliyyətini səmərəli şəkildə davam etdirməsi mümkün olmayan bəzi məktəblərin isə tamamilə fəaliyyətini dayandıracağı bildirilir. Həmin təhsil müəssisələrinin şagirdləri distant təhsil formatına keçiriləcək.
Məlumata görə, bu kateqoriyaya daxil olan məktəblərin sayı 100-dən artıqdır və proses birdəfəyə deyil, mərhələli şəkildə həyata keçiriləcək.
"Yüzdən çox ucqar kənd məktəbində şagird sayı azdır. Onlarda distant təhsilə keçid, əlbəttə ki, mərhələli şəkildə olacaq. Biz bunu Lənkəran-Astara regionundakı bir neçə məktəbdə test etmişik ki, baxaq özünü necə göstərir. Nəticələr qənaətbəxşdir", - deyə agentlik rəsmisi bildirib.
O bildirib ki, hazırda proses pilot layihə kimi test mərhələsindədir.
Qeyd edək ki, bu yanaşma düzgün icra olunacağı təqdirdə həm müəllim resurslarından daha effektiv istifadə olunmasına, həm də ucqar ərazilərdə təhsilin əlçatanlığının qorunmasına imkan verəcək.
